Multikulturalizm Mərkəzində Azərbaycanda Xristianlıq mövzusuna həsr olunan tədbir keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda Xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzusunda tədbir keçirilib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun moderatorluğu ilə keçən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan, tarixən müxtəlif sivilizasiyaların və dinlərin qovuşduğu bir coğrafiyada yerləşir. Ölkəmizdə əsrlər boyu müxtəlif etnik və dini qruplar birgə qarşılıqlı hörmət və sülh şəraitində yaşamışlar. Bu harmoniyanın əsas sütunlarından biri isə Azərbaycanda mövcud olan dini müxtəliflikdir. Dini müxtəliflik ölkəmizin zənginliyidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq biz bu zənginliyin təşviqi və təbliği istiqamətində geniş fəaliyyət göstəririk. Xristian icmaları ilə əməkdaşlıq, onların mədəniyyətinin və dini irsinin öyrənilməsi və beynəlxalq aləmdə təqdim olunması bu işimizin vacib hissəsidir. Biz bu tarixi və mədəni irsi gələcək nəsillərə ötürmək, eyni zamanda dünyaya təqdim etmək üçün əzmlə çalışırıq. O vurğulayıb ki, Azərbaycanda hər bir dinin, o cümlədən Xristianlığın dinc, azad və təhlükəsiz şəkildə mövcud olması ölkəmizin tolerantlıq modelinin real göstəricisidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, İslam dini sülh, mərhəmət və tolerantlıq dinidir. O vurğulayıb ki, Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib və bu ənənə bu gün də uğurla davam etdirilir.
Bakı Dağ Yədudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxışında bildirib ki, tarixən bu torpaqlarda müsəlmanlar, yəhudilər, xristianlar və digər dinlərin nümayəndələri dinc və qarşılıqlı hörmət əsasında birgə yaşayıblar və bu, ölkənin multikultural dəyərlərinin ən bariz göstəricisidir.
Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun “Azərbaycanda pravoslavlıq: dünən, bugün, sabah”, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin “Dini konfessiyalar arası məkanda Alban (Qafqaz) Kilsəsinin Alban-Udi pravoslav xristian icmasının modeli”, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının nümayəndəsi Jozef Marek “Katolik Kilsəsi Azərbaycanın dini palitrasında”, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilovun “Azərbaycanda son 30 ildə Protestant xristianlığın inkişafı və fəaliyyəti”, Azərbaycanın Yevangelik-Lüteran icmasının nümayəndəsi Vera Nesterovanın “Azərbaycanda Xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzularında məruzələri dinlənilib.
Tədbir çərçivəsində Azərbaycanda Rus Pravoslav Kilsəsinin tarixi haqda video-çarx təqdim edilib, fotosərgi nümayiş olunub.