Rəvan Həsənov: Şəhərlər etnik və dini icmaların təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir

Müasir dövrdə şəhərlərin yalnız texnoloji və memarlıq baxımından deyil, eyni zamanda sosial və mədəni baxımdan da inklüziv şəkildə formalaşdırılması vacibdir. Urbanizasiya insanların kimliyinin, dini dəyərlərinin, tarixi və mədəni irsinin qorunması ilə paralel həyata keçirilməlidir.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da səsləndirib.
O qeyd edib ki, yerli xalqların hüquqlarının qorunması bu gün beynəlxalq ictimaiyyət qarşısında duran ən mühüm məsələlərdən biridir. Yerli xalqlar bəşəriyyətin mədəni yaddaşının, tarixi irsinin daşıyıcılarıdır. Bu baxımdan onların hüquqlarının qorunması yalnız hüquqi və siyasi məsələ deyil, həm də mənəvi və humanitar məsuliyyətdir.
Rəvan Həsənov bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik icmaların birgə yaşadığı Azərbaycan bu gün də mədəni müxtəlifliyi cəmiyyətin əsas zənginlik mənbəyi hesab edir.
İcraçı direktor Azərbaycanın şəhərsalma siyasətində inklüzivlik prinsipinə verilən önəmi diqqətə çatdırıb. Vurğulayıb ki, həm Bakı şəhərində, həm də digər regionlarda həyata keçirilən layihələr zamanı müxtəlif etnik icmaların mədəniyyəti və dini inancları nəzərə alınır, tarixi və dini abidələrin qorunmasına xüsusi həssaslıqla yanaşılır: “İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri də məhz bu yanaşmaya əsaslanır. Yeni şəhərlər və yaşayış məntəqələri qurularkən müasir texnologiyalar, innovativ həllər və “ağıllı şəhər” konsepsiyası tətbiq edilməklə yanaşı, bölgənin tarixi-mədəni irsi, dini məkanları və müxtəlif icmaların dəyərləri də diqqət mərkəzində saxlanılır. Tarixi və dini abidələrin bərpası, mədəni irsin qorunması və müxtəlif inanc sahiblərinin özlərini təhlükəsiz və rahat hiss edə biləcəkləri sosial mühitin formalaşdırılması Azərbaycanın şəhərsalma siyasətinin ayrılmaz hissəsidir. Bu yanaşma cəmiyyətdə qarşılıqlı etimadın güclənməsinə, ayrı-seçkilik hallarının qarşısının alınmasına və sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.
Rəvan Həsənov əlavə edib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir. Azərbaycanın həyata keçirdiyi layihələr də məhz bu prinsiplərə əsaslanır, müxtəlif etnik icmaların, fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin harmonik birgəyaşayışını təşviq edir.
O, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayaraq bildirib ki, inklüziv şəhər inkişafı yalnız qarşılıqlı hörmət, sosial ədalət və mədəni müxtəlifliyə verilən dəyər əsasında mümkün ola bilər.

Etiketlər