Şuşa Forumunda Rəvan Həsənovun moderatorluğu ilə müzakirələr aparılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Şuşa şəhərində keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda iştirak edib. 
İcraçı direktor Rəvan Həsənovun moderatorluğu ilə  forumun “Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı” mövzusuna həsr olunan sessiya iclasında müzakirələr aparılıb.  Sessiya iclasında İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun (TAV) vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlunun məruzələri dinlənilib.
Sessiya iclasında Rəvan Həsənov bildirib ki, Şuşa Forumu iki qardaş ölkə arasında regional inkişaf strategiyalarının müzakirəsi və yeni inteqrasiya mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki dünyamız çox mürəkkəb geosiyasi proseslərdən keçir: “Yeni çağırışlar, təhlükəsizlik riskləri, informasiya müharibələri, radikalizm və artan qütbləşmə fonunda beyin mərkəzlərinin üzərinə düşən məsuliyyət qat-qat artır”.
O vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyi ali siyasi iradə bizə yol göstərir. Biz beyin mərkəzləri isə bu iradəni intellektual əsaslarla gücləndirməli, elmi müstəvidə inkişaf etdirməliyik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq fəaliyyətimizin əsas istiqaməti cəmiyyətdə mədəni müxtəlifliyin, dinlərarası və mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət etməkdir. Lakin bu gün artıq məlumdur ki, multikulturalizm təkcə sosial fenomen deyil, bu, dövlətlərin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün strateji kapitaldır. Bu istiqamətdə Qardaş Türkiyə institutları ilə əməkdaşlığımız bizim fəaliyyətimizin ayrılmaz hissəsidir. 
İcraçı direktor qeyd edib ki, forumda müzakirə olunan mövzular mühüm əhəmiyyət daşıyır. Çünki enerji təhlükəsizliyi, kommunikasiya dəhlizləri, informasiya müharibələrinin yeni formaları, regional siyasətin dəyişən dinamikası müasir dövrün ən ciddi mövzularındandır. Bu mövzuların Şuşada müzakirə olunması isə həm simvolik, həm də strateji baxımdan böyük önəm daşıyır. Şuşa yalnız Azərbaycanın deyil, həm də Türk Dünyasının mədəni, mənəvi mərkəzlərindən biridir. Şuşadan verilən hər bir mesaj sülhün qorunması, ədalətin bərpası və birlik iradəsinin gücləndirilməsi üçün vacibdir.

Etiketlər