Multikulturalizm Mərkəzində almaniyalı qonaqlarla görüş keçirilib
Almaniyanın “Allah və insanlar qarşısında məsuliyyət təşəbbüsü” təşkilatının nümayəndələri, “Əsas dəyərlər və xalqlararası anlaşma fondu”nun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun və icraçı direktor Folker Brext Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Mərkəzin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur.
İcraçı direktor Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb.
Fondun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun görüş üçün təşəkkür edib. O, rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.