“Euronews”un “Azərbaycan Gündəliyi”nin növbəti buraxılışı Multikulturalizm Mərkəzinin fəaliyyətinə həsr olunub
“Euronews”un “Azərbaycan Gündəliyi”nin növbəti buraxılışı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətinə həsr olunub.
Videosüjetdə BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycanın coğrafi və tarixi kontekstində ölkə daxilində etnik, din və dil müxtəlifliyinin zənginliyindən danışıb. O, mədəniyyətlərarası və dinlərarası dialoqu inkişaf etdirməyə yönəlmiş təhsil və qlobal layihələr vasitəsilə bu müxtəlifliyi qorumaq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, Mərkəz bütün dünyada doqquz filialı ilə beynəlxalq miqyasda fəaliyyət göstərir. Azərbaycanın bütün universitetlərində, eləcə də dünyanın 26 universitetində Azərbaycan multikulturalizmi tədris olunur. İslamofobiya, antisemitizm və ekstremizm kimi qlobal tendensiyaların qarşısını almaq üçün BBMM-in təşəbbüsü ilə beynəlxaq layihələr həyata keçirilir. 2024-cü ilin mart ayında ikinci dəfə keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans da görülən işlərə nümunədir.
Rəvan Həsənov icmalar arasında dinc yanaşı yaşamanın və qarşılıqlı hörmətin vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda bütün vətəndaşlara öz mədəni kimliklərini qoruyub saxlamağa və adət-ənənələrini birlikdə qeyd etməyə imkan verən siyasət uğurla həyata keçirilir. Azərbaycanın multikulturalizmə sadiqliyi onun hüdudlarından kənara çıxır. Bu, qlobal miqyasda dinc yanaşı yaşamaq üçün güclü model, ümid işığıdır. Azərbaycan multikulturalizminin qapısı genişdir, sülh və anlaşmaya can atan hər kəs üçün açıqdır. Çünki biz birlikdə hər kəs üçün daha ahəngdar bir gələcək qura bilərik.