Multikulturalizm Mərkəzinin yeni nəşrləri çap edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində bir sıra kitablar nəşr eilib.
Görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri üç - udi, talış və ləzgi dilinə tərçümə edilərək çap edilib. Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib.
Nəşr edilən “XX-XXI əsr Talış poeziya antologiyası” kitabında isə 126 müəllifin talış dilində yazdığı, yüksək estetik meyarlarla bərabər, həm də humanizmə, ictimai nəfəsə malik poetik əsərlərdən nümunələr toplanıb. Talış poeziya məktəbinin fərqlilik xüsusiyyətlərinin özündə cəmləşdirən bu kitabda uşaqlar üçün yazılan şeirlər çoxluq təşkil edir.
Qeyd edək ki, nəşrlərin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, layihə üzrə məsul şəxs Mərkəzin icraçı direktoru Rəvan Həsənovdur.