Multikulturalizm Mərkəzində akademik Kamal Abdullayevlə görüş keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Mərkəzin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı akademik Kamal Abdullayevlə görüş keçirilib. Görüşdə dövlət rəsmiləri, elm xadimləri, ictimaiyyət nümayəndələri, etnik və dini icmaların rəhbərləri iştirak ediblər. Akademik Kamal Abdullayevin 75 illik yubileyinə həsr olunan görüşdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Kamal Abdullayevin multikulturalizm ideyalarının inkişafına verdiyi töhfələr, onun zəngin elmi irsi milli-mədəni dəyərlərin təbliği və ölkəmizin elmi-mədəni həyatında xüsusi yer tutur. Onun ensiklopedik biliyi, yüksək idarəçilik keyfiyyətləri, milli-mənəvi dəyərlərə bağlılığı və gənc nəslə göstərdiyi daim qayğı hər birimiz üçün örnəkdir. İcraçı direktor diqqətə çatdırıb ki, BBMM-in fəaliyyətində Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin dünyaya tolerantlıq məkanı kimi təqdim edilməsində mühüm rol oynayır.
Kamal Abdullayev həm də dərin intellekt, yüksək təvazökarlıq və insaniyyət nümunəsidir. Onunla çalışmaq, ondan öyrənmək bizim üçün böyük məktəbdir. Biz hər zaman onun geniş dünyagörüşünə, mədəniyyətlərarası dialoqa verdiyi önəmə, gənclərə yaratdığı imkanlara şahidlik etmişik.
Tədbirdə digər çıxış edənlər - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini Rəşad Məcid, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova -Tohidi, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Mixail Zabelin BBMM-in Himayəçilik Şurasının üzvü Xalq yazıçısı Elmira Axundova, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri Lyudmila Bejenaru, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov qeyd ediblər ki, Kamal Abdullayev yalnız Azərbaycan elminə və ədəbiyyatına mühüm töhfələr vermiş görkəmli ziyalı deyil, həm də ölkəmizdə multikultural dəyərlərin möhkəmləndirilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində misilsiz xidmətləri olan şəxsiyyətdir. O, geniş dünyagörüşü, dərin elmi biliyi, milli və mənəvi dəyərlərə bağlılığı ilə Azərbaycan cəmiyyətində və multikultural mühitin inkişafında mühüm rol oynayır. Azərbaycan elmi, ədəbi və ictimai həyatının əlamətdar hadisəsi olduğunu diqqətə çatdırıblar. Onun yaradıcılığının və ictimai fəaliyyətinin gələcək nəsillər üçün dəyərli örnək olduğunu vurğulayıblar.
Akademik Kamal Abdullayev səmimi görüş üçün təşəkkürünü bildirib: “Mənim üçün bu yubiley yalnız şəxsi bir tarix deyil, bütün ömrüm boyu xidmət etməyə çalışdığım milli-mənəvi dəyərlərə, Azərbaycan elminə, ədəbiyyatına, multikultural mühitin inkişafına verilən qiymətin təzahürüdür. Bu gün haqqımda söylənilən dəyərli fikirlər, göstərilən hörmət və etimad böyük məsuliyyətdir”.