II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Forum iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Liderinin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ICESCO ilə birgə II Beynəlxalq Multikulturalizm Gənclər Forumunu təşkil edib. “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən Forumun məqsədi müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir. Beynəlxalq Multikulturalizm Gənclər Forumuna dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. Forum Bakı, Xankəndi və Şuşa şəhərlərində keçirilir. Forum çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və təlim proqramlarının təşkili nəzərdə tutulur. İştirakçılar eyni zamanda Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Xatırladaq ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.