Rəvan Həsənov: Multikulturalizm dünyada sülhü təşviq etmək üçün əsas vasitədir

Azərbaycanda multikulturalizm sadəcə bir konsepsiya və ya akademik nəzəriyyə deyil, xalqımızın həyat tərzidir və dövlət siyasətinin əsas istiqamətidir.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib. O vurğulayıb ki, coğrafi mövqeyinə və mürəkkəb tarixi fonuna görə Azərbaycan həmişə etnik və dini cəhətdən müxtəlif olub. Sovet İttifaqının süqutundan və müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxillik tolerantlıq ənənələrini milli siyasət səviyyəsinə qaldırıb, hərtərəfli qanunvericilik, inzibati və siyasi islahatlar həyata keçirib. Bu siyasətin əsas ideyası Azərbaycanın tolerant və multikultural mühitini və zəngin mədəni irsini qorumaq, dünyada təbliğ etməkdir. Həmin missiyanı dəstəkləmək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədidir.
“Biz inanırıq ki, multikulturalizm təkcə ölkədaxili prioritet deyil, həm də regionumuzda və bütün dünyada sülhü təşviq etmək üçün əsas vasitədir. Məhz buna görə Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq layihələrini ardıcıl olaraq dəstəkləyib və təşəbbüs göstərib”, - deyə Rəvan Həsənov vurğulayıb.
Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransın əhəmiyyətindən danışan icraçı direktor bildirib ki, tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislər qatılıblar. Bu baxımdan konfrans Qədim Qafqaz Albaniyası irsinin tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.