Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir

Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetiririk. Bunun bir neçə səbəbi var. Azərbaycan müsəlman ölkəsi kimi tanınır. Çünki Azərbaycan əhalisinin təxminən 95 faizi İslam dininə mənsubdur, lakin Azərbaycanda multikulturalizm dəyərləri və tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda İslam irsi ilə yanaşı, zəngin xristian irsi də var və bu, yüksək səviyyədə qorunur, öyrənilir.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransın açılış mərasimində deyib. O qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətində bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər.
“Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda biz mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”, - deyə Rəvan Həsənov vurğulayıb.