“IMPACT-se” institutunun baş direktoru Multikulturalizm Mərkəzində olub

“IMPACT-se” Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutunun baş direktoru Markus Şeff Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov qonağa Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. İcraçı direktor tədris layihəsinə xüsusilə diqqət çəkib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Eyni zamanda ölkənin 40-a yaxın universitetinin magistratura pilləsində bu fənnin tədrisi aparılır. Təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.
Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutunun baş direktoru Markus Şeff bildirib ki, institut tərəfindən hesabat hazırlanıb. Hesabat Azərbaycan, Özbəkistan və Qazaxıstan məktəblərində aparılan monitorinqlərin nəticəsidir. O vurğulayıb ki, hesabatda Azərbaycan tədris sisteminə daxil olan 53 dərslik təhlil olunub. Hesabata əsasən, Azərbaycan antisemitizmi dərsliklərdə rəsmi şəkildə tanıyan ilk müsəlman ölkəsi olub.
Görüşdə tədris istiqamətində qarşılıqlı əməkdaşlıq müzakirə olunub.