“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.  G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alıb.
Beynəlxalq elmi konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. 
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Daha sonra islamofobiya haqqında qısametrajlı filmin təqdimatı olub.
Açılıç mərasimində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi, İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti çıxış ediblər. Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin xüsusi elçisi Mehmet Paçacı Baş katib Hissein İbrahim Tahanın konfrans iştirakçılarına müraciətini oxuyub. Konfrans çərçivəsində İslamofobiya ilə bağlı məlumatları işıqlandıracaq yeni saytın təqdimatı olub.
Konfrans plenar və panel iclasları ilə davam edib.
120-dən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılıb.
Konfrans çərçivəsində Türkiyə–Almaniya Universitetinin professoru Enes Bayraklı Avropa üzrə artan islamofob meylləri və onların sosial-siyasi təsirlərini konkret faktlar əsasında əks etdirən Avropada İslamofobiya ilə bağlı illik hesabatı təqdim edib.
Konfransın sonuncu sessiyası “EULEMA-nın xüsusi fokus mövzusu: Avropada İslamofobiya” mövzusuna həsr edilib. 
Bağlanışda birgə Kommünike qəbul edilib, konfransın həmtəşkilatçılarının rəhbərlərinin mətbuat konfransı keçirilib.
Konfrans yerli və beynəlxalq mediada geniş işqlandırılıb, sosial şəbəkələrdə yayımlanıb.

Etiketlər