Belçika parlamentinin üzvü Multikulturalizm Mərkəzində olub

Belçika parlamentinin üzvü Maykl Freylik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. 
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonağa mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, mərkəz Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü ildə yaradılıb, azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Rəvan Həsənov bildirib ki, mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Bu gələcək nəsillərdə tolerantlıq və multikultural düşüncənin formalaşması baxımından çox vacibdir. İcraçı direktor məlumat verib ki, mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Yay və qış məktəblərinin məqsədi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. 
Rəvan Həsənov Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə "Bakı Prosesi"   irəli sürülüb. O vurğulayıb ki, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Görüş üçün minnətdarlığını bildirən Maykl Freylik müasir dünyada multikulturalizmin rolu və təbliğatından danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, bu sahədə BBMM-in fəaliyyətini yüksək qiymətləndirib. Sonda qonağa BBMM-in nəşri olan “Həqiqətin Onomastikası” kitabı hədiyyə edilib.

Etiketlər