V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

 

muraciet

24-30 iyul 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq unudulmaz təəssüratlarını ifadə ediblər. Müraciətdə deyilir: “Zati-aliləri, cənab Prezident!

Biz, Azərbaycanda keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbinin dünyanın müxtəlif ölkələrindən olan iştirakçıları 22-30 iyul 2017-ci il tarixlərində bir araya gəldik.

Sizin sərəncamlarınız əsasında 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu, aydın şəkildə bir daha göstərir ki, Azərbaycanda müxtəlif irqi, etnik, dini və mədəni mənsubiyyətə malik insanlar arasında ayrıseçkiliyə yer yoxdur. Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə birlikdə qatıldığımız tədbirlər və gəzdiyimiz müxtəlif yerlər Azərbaycan haqqında multikulturalizm və tolerantlıq məkanı kimi eşitdiklərimizin sübutu oldu.

Biz, 26 ölkənin vətəndaşı, bu yay məktəbinə multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasəti haqqında öz fikir və təəssüratlarımızı paylaşmaq üçün qoşulduq.

Hörmətli cənab Prezident!

Azərbaycan, onun zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları yaymaq sahəsində fəaliyyətimizi davam etdirmək ruhunda və əzmində olduğumuzu Sizə bildirmək istərdik.

Fürsətdən istifadə edərək Siz Zati-alilərinə dərin hörmətimizi bildiririk.”

Xatırladaq ki, Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi  BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı  ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

V Beynəlxalq multikulturalizm yay məktəbində Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Morokko, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, İtaliya, Liviya, Braziliya, Çin kimi  ölkələrin aparıcı universitetlərindən 60 tələbə iştirak edib.

 

 

Запись V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.