Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb

Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına səbəb oldu. Bu irsin yenidən bərpa olunacağı ilə bağlı suallara TRT Deutsch – a müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov aydınlıq gətirdi.

 

Qarabağda Azərbaycan tərəfindən yenidən quruluculuq işləri aparıldıqdan sonra regionun mədəni müxtəlifliyi təmin ediləcək və bütün ibadət məkanları qorunacaqmı?

Qarabağ tarix boyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olubdur. Bu tarixi ərazilər Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində işğal olunmuş və Azərbaycanın mədəni irsi tamamilə regiondan silinməyə çalışılmışdı. Son 30 ilə yaxındır Qarabağ Azərbaycanlıların etnik təmizlənməsi ilə yanaşı, mədəniyyəti də soyqrıma məruz qalmışdır. Ancaq nəhayət ki, Azərbaycan işğal altındakı öz tarixi torpaqlarını azad etməklə, tarixi ədaləti bərpa etdi. Bundan sonra qarşımızda duran əsas məsələ Qarabağda yeni quruculuq işlərinin aparılması, Azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd yuvalarına tez zamanda qayıtması olacaqdır. Azərbaycan tarixən multikulturalizm ənənələrinə bağlı olmuşdur və bu siyasət bu gün bizim dövlət siyasətimizdir. Bu siyasət əlbətdə ki, Qarabağda da həyata keçiriləcəkdir. Azərbaycanda bütün dinlər sərbəst şəkildə mövcuddur və onların dini ibadətgahları da dövlət tərəfindən tikilir, bərpa olunur və qorunur. Qarabağda mövcud olan dini ibadətgahlar da öz həqiqi sahiblərinə qaytarılacaq və dağıdılmış və dəyişdirilmiş məscidlər, kilsələr yenidən bərpa olunacaqdır. Ermənistan burada 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini pozaraq müharibə cinayətləri törətmələrinə baxmayaraq, Azərbayca dövlətinin heç bir fəaliyyəti bir xalqa və ya mədəniyyətə qarşı olmayıbdır və bundan sonra da olmayacaqdır. Bunun ən bariz nümunəsi odur ki, bu gün də Azərbaycan ərazisində ermənilər yaşayır və açıq şəkildə. Onlara qarşı heç bir təzyiq heç zaman olmayıbdır. Bakı şəhərinin mərkəzində erməni kilsəsi və həmin kilsədə erməni dilində olan ədəbiyyat qorunub saxlanmış və hətta dövlət tərəfindən bərpa olunmuşdur. Bu siyasət Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmdən irəli gəlir. Əmin ola bilərsiniz ki, Qarabağda quruculuq işlərindən sonra da bu belə olacaqdır.

Mədəni irsin qorunması ilə bağlı son zamanlar UNESCO-nun bəyanatlarını və narahatlığını neçə qiymətləndirirsiniz?

Mən UNESCO-nun narahatlığını əsassız qiymətləndirməklə yanaşı, bu nüfurlu beynəlxalq təşkilatın son yanaşmasını isə ikili standart kimi qiymətləndirirəm. Azərbaycan UNESCO ilə sıx əməkdaşlıq edən və bir çox komitəsində təmsil olunan ölkədir. UNESCO çərçivəsində bir çox beynəlxalq sənədi qəbul etmişdir. Xüsusi ilə mədəni irsin qorunması məsələsinə daim həssas yanaşmışdır. Nəinki Qafqaz böləsində hətta bütün dünyada. Azərbaycanın tarixi torpaqları 30 il işğal altında qalan zaman bütün tarixi dini abidələri məhv edildi və Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu siyasi təşkilat olmaması ilə əlaqələndirirək həyata keçirmədi. Ancaq nədənsə bu gün belə bir missiya keçirməyi və siyasi fəaliyyət göstərməyi qərara alir. Bu çox qəribədir. UNESCO hökumətlərarası bir təşkilatdır və onun müəyyən dövlətin siyasi sifarişini icra etməyə cəhd etməsi onun mandatına uyğun deyil. O ki,qaldı Azərbaycanda hər hansı sa bir mədəni irsin təhlükədə olması iddiasına bu tamamilə əsassızdır. Çünki bu zamana qədər Azərbaycanda heç bir mədəni irs silinməyibdir. Hətta erməni irsi də. Bundan sonra da silinməyəcəkdir. UNESCO Azərbaycanda hər hansısa bir missiya həyata keçirmək istəyirsə buna bizim etirazımız yoxdur. Ancaq həmin missiya Azərbaycanın suveren ərazilərində keçiriləcəyindən, onun bütün istiqamətləri və çərçivəsi Azərbaycan tərəfi ilə tam razılaşdırılmalıdır.

Vurğuladınız ki, Qarabağda Azərbaycan mədəni irsi dağıdılmış və ya dəyişdirilmişdir. Bununla bağlı gələcəkdə hanıs tədbirlər görülməsi planlaşdırılır?

Əlbətdə ilkin olaraq mövcud vəziyyət monitorinq olunur və faktlaşdırılır. Bu işlərə beynəlxalq təşkilatlar da cəlb olunacaqdır. Daha sonra Qarabağın Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycana vurulmuş maddi ziyan hesablanaraq hüquq çərçivəsində beynəlxalq məhkəmələrə müraciət olunacaqdır. Ermənistan tərəfi vurulmuş ziyana görə beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Bu müharibə cinayətlərini törədən isə beynəlxalq cinayət hüququnun subyektləri hesab olunmalıdır. Əks halda bu hüquqsuzluğa və beynəlxalq hüququnun lazımsızlığına gətirib çıxaracaqdır. Azərbaycan tərəfi bu istiqamətdə hal hazıda addım addım işlər aparır. Başqa tərəfdən də Sizi əmin etmək istəyirəm ki, Qarabağda dağıdılmış mədəni irsimiz tezliklə bərpa olunacaq və bu bölgə işğaldan əvvəlki görkəminə qayıdacaqdır. Bütün tarixi dini abidələr bərpa olunduqdan sonra sahiblərinə qaytarılacaqdır. Bundan sonra da Azərbaycan multikulturalizm siyasətinə sadiq qalacaqdır.

 

https://azertag.az/xeber/1688185

https://rupor.az/sosial/11600-bu-ilr-beynlxalq-tkilatlar-da-clb-olunacaqdr.html

https://news.milli.az/politics/913725.html

https://525.az/news/160062-qarabagda-azerbaycana-mexsus-medeni-irs-dagidilib https://az.trend.az/azerbaijan/politics/3364645.html

https://www.adalet.az/w208393/qarabagda-azerbaycana-mexsus-medeni-irs-dagidilib-2021-01-15-155338