Multikulturalizm və tolerantlıq cəmiyyətin inkişafı üçün əvəzsiz dəyərlərdir
Multikulturalizm və tolerantlıq cəmiyyətin inkişafı, sabitliyi və həmrəyliyi üçün əvəzsiz dəyərlərdir. Bu ideologiyaların mahiyyəti insan haqlarına hörmət, müxtəlifliyin dəyər kimi qəbul edilməsi və birlikdə yaşama mədəniyyətidir. Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yüzillərdir ki, dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşayır. Dövlət onların dil, din və mədəni hüquqlarını qoruyur, etnik azlıqların məktəbləri, mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII Beynəlxalq elmi konfransın açılış mərasimində deyib.
O diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif etnik və dini icmaların dinc birgəyaşayışının təmin edildiyi bir ölkə olaraq formalaşdı. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə həm milli, həm dini tolerantlıq prinsipləri qorundu və inkişaf etdirildi. Ulu Öndər hər zaman vurğulayırdı ki, Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində 30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Hər bir xalqın mədəniyyəti, dili və dini sərbəst şəkildə qorunur və inkişaf etdirilir. Bu yanaşma, dövlət səviyyəsində multikulturalizmin bir dəyər kimi qəbul edilməsinin bariz nümunəsidir.
İcraçı direktor qeyd edib ki, Heydər Əliyevin tolerantlıq ideologiyası təkcə daxili siyasətlə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır, ölkəmiz dünyada müxtəlif dinlərin və mədəniyyətlərin dialoqu üçün etibarlı platforma kimi qəbul edilir.
Rəvan Həsənov vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin multikulturalizm siyasəti, ölkədə sülh və həmrəyliyi təmin edir, eyni zamanda, Azərbaycanın dünyada tolerantlıq və mədəni müxtəliflik simvolu kimi tanınmasına imkan yaradır. Bu siyasət yalnız sözlə deyil, real addımlar və davamlı proqramlarla həyata keçirilir və ölkənin gələcək inkişaf strategiyasında da mühüm yer tutur.