Multikulturalizm Mərkəzi ali təhsil müəssisələrində monitorinq aparıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ilin dekabr ayında ölkəmizin təhsil müəssisələrinin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” və magistratura səviyyəsində tədris olunan “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqini aparıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, bu fənnin tədrisi ilə bağlı onların sual, təklif və iradlarının öyrənilməsi üçün sorğu da keçirilib.
Mərkəzin Layihələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlər Bakı Qızlar Universitetində, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində aparılıb. Monitorinqlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, aparıcı məsləhətçi Şahnaz Abdullayeva, məsləhətçilər Tahirə Ələsgərova və Elnur Qasımov iştirak ediblər. 
Qeyd edək ki, müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab olunur. Bu işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, tələbələrin nələri mənimsədikləri, öyrəndikləri, hansı bacarıqlara malik olduqları və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün obyektiv şərait yaradır.

Etiketlər