Multikulturalizm Mərkəzi talış və ləzgi dilində kitablar çap edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İradə Məlikovanın talış dilində “Mən fəxr edirəm ki Azərbaycanlıyam”, Eyvaz Güləliyevin isə ləzgi dilində “Həyatnamə əsəri” kitablarını çap edib.
“Mən fəxr edirəm ki Azərbaycanlıyam” kitabında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri barədə məlumatlar əksini tapıb. Eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb.
“Həyatnamə əsəri” kitabında isə Eyvaz Güləliyevin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşıb və ölkədə yaşayan bütün xalqların dilinin, mədəniyyətinin və dini irsinin qorunması xüsusi diqqət mərkəzində saxlanılır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin təşviq etdiyi bu siyasətin praktiki təzahürü olaraq Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Bu məqsədlə Mərkəz müxtəlif layihələr həyata keçirir, elmi-praktik konfranslar təşkil edir, etnik və dini icmalarla əməkdaşlıq çərçivəsində ölkəmizin multikultural sərvətini geniş auditoriyaya təqdim edən nəşrlər hazırlayır. Azərbaycanda yaşayan xalqların ana dillərində kitabların çap olunması bu fəaliyyətin ən mühüm istiqamətlərindən biridir. Bu layihə çərçivəsində Azərbaycanda yaşayan etnik qrupların dilində müxtəlif janrlarda – ədəbiyyat, tarix, folklor, mədəniyyət və maarifləndirici mövzular üzrə kitablar hazırlanır və ictimaiyyətə təqdim olunur.
Bu təşəbbüslər həm dil və mədəni irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir, həm də ölkəmizin multikultural dəyərlərinin qorunmasına töhfə verir.