Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq dəyirmi masa təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi ilə birgə “Süni intellek və mədəni müxtəliflik: Universal etika axtarışında” mövzusunda onlayn beynəlxalq dəyirmi masa təşkil edib. Tədbirdə Qazaxıstan, Azərbaycan, Böyük Britaniya, Argentina, Misir və digər ölkələrdən mütəxəssislərin məruzələri dinlənilib.
Çıxış edən mütəxəssislər süni intellektin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və dialoqa töhfə vermək potensialından söz açaraq, bu texnologiyalardan istifadə zamanı məsuliyyət, şəffaflıq və ədalət prinsiplərinin önəmini vurğulayıblar. Qloballaşma şəraitində süni intellekt alqoritmlərinin mədəni qərəzləri gücləndirməməsi, əksinə, mədəni zənginliyi və dialoqu dəstəkləməsi üçün hansı mexanizmlərin tətbiq olunmalı olduğu diqqətə çatdırılıb. Dəyirmi masada həmçinin süni intellektin etik çərçivəsinin formalaşdırılması, müxtəlif ölkələr arasında harmoniyalı yanaşmaların qurulması, dini və mədəni müxtəlifliyi nəzərə alan universal qaydaların işlənib hazırlanması məsələləri geniş şəkildə müzakirə olunub. Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, mədəni müxtəlifliyin qorunmasına xidmət edən təşəbbüslərin artırılmasının və etik prinsiplərə əsaslanan ümumi platformanın yaradılmasının vacibliyini xüsusilə vurğulanıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun imzalanmasında məqsəd dini və mədəni müxtəlifliyin qorunması, ictimai həmrəylik və birliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Memoranduma əsasən, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulub.