Helsinki Universitetinin dilçi tədqiqat qrupu Multikulturalizm Mərkəzində olub
Finlandiyanın Helsinki Universitetinin “HALS” (Helsinki Area & Language Studies) dilçi tədqiqat qrupu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir.
İcraçı direktor qeyd edib ki, Mərkəz fəaliyyətində gənclərlə işə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur.
Qonaqlar görüş üçün təşəkkürlərini bildiriblər. Azərbaycan multikulturalizmi modelini yüksək dəyərləndiriblər.