TDT ölkələrinin diaspor qurumlarının rəsmiləri Multikulturalizm Mərkəzində olublar

II “INTERNSHIP” (təcrübə) proqramında iştirak üçün ölkəmizdə səfərdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. 
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. 
İcraçı direktor qeyd edib ki, Mərkəz fəaliyyətində gənclərlə işə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur.
Qonaqlar - Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso görüş üçün təşəkkürlərini bildiriblər. Azərbaycan multikulturalizmi modelini yüksək qiymətləndirərək, bu sahədə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Etiketlər