Azərbaycan nümayəndə heyəti BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb

Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.  BMT-nin Baş Qərargahında keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Paşazadə,  Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev iştirak ediblər. Görüş zamanı BMT-nin baş katibinə Azərbaycandakı multikultural mühit, mədəniyyətlərarası və dinlərarası dialoq haqda məlumat verilib. Bildirilib ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir məkandır. Bu ənənə bu gün də dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qorunur və beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur. Nümayəndə heyətinin üzvləri BMT Baş katibinə həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, mina təmizləmə əməliyyatları və mədəni irsin bərpası istiqamətində görülən tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, bu proseslər təkcə infrastrukturun deyil, həm də bölgənin multikultural, mədəni, dini irsinin bərpasına yönəlib.
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanla olan isti münasibətlərinə diqqət çəkib. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı ilə uzunmüddətli və səmərəli əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın beynəlxalq təşkilat çərçivəsində təşəbbüslərinin, xüsusən də qlobal sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində gördüyü işlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Antonio Quterreş Azərbaycanın beynəlxalq arenada dialoq və əməkdaşlıq platforması kimi artan rolunu təqdir edib, ölkənin mədəniyyətlərarası anlaşmanın təşviqində mühüm tərəfdaş olduğunu bildirib.

Etiketlər