İsrailin ölkəmizdə yeni təyin olunmuş səfiri Multikulturalizm Mərkəzində olub
İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonağa Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir.
İcraçı direktor qeyd edib ki, Mərkəz fəaliyyətində gənclərlə işə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur.
Rəvan Həsənov diqqətə çatdırıb ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, qurumun təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır.
İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz görüş üçün təşəkkürünü bildiriib. Vurğulayıb ki, İsrail ilə Azərbaycan arasında əməkdaşlıqda Mərkəz xüsusi rol oynaya bilər. Birgə layihələr və təşəbbüslər vasitəsilə xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirə bilərik.