İcraçı direktor: Anım Günü xalqımızın iradəsinin və birliyinin təntənəsinin rəmzidir
27 Sentyabr – Anım Günü xalqımızın iradəsinin və birliyinin təntənəsinin rəmzidir. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-nin Anım Günü elan olunması şəhidlərimizə, onların ailələrinə, ümumilikdə xalqımıza verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün böyük qürur hissi ilə şəhidlərimizi yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirik. Onlar Azərbaycan torpaqlarının azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını fəda ediblər.
Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda keçirilən dəyirmi masada bildirib.
O deyib ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz doğma torpaqları uğrunda bir yumruq kimi birləşərək, bütün çətinliklərin öhdəsindən gələ bildiyini sübut edib. “Qazandığımız tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün olub”, - deyə icraçı direktor vurğulayıb.