Çinin Milli Etnik İşlər Komissiyasının nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının (NEAC) nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəz fəaliyyətində gənclərlə işə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində, eyni zamanda dünyanın 27 nüfuzlu universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, Beynəlxalq Multikulturalizm Gənclər Forumları təşkil olunur. Multikulturalizm Mərkəzi ayda iki dəfə olmaqla “Multikulturalizm” adlı veriliş də hazırlayır.  Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapır. Rəvan Həsənov vurğulayıb ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, qurumun təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır.
Nümayəndə heyətinin rəhbəri, NEAC-ın Beynəlxalq əlaqələr departamentinin baş direktoru Vei Guoxiong qeyd edib ki Azərbaycana səfərin məqsədi etnik və mədəni sahələrdə təcrübə mübadiləsi aparmaq, əlaqədar dövlət qurumları və ictimai təşkilatlarla görüşlər keçirmək, eləcə də Azərbaycanın mədəniyyət və təhsil müəssisələrini ziyarət etməkdir.
Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Etiketlər