Almaniya Parlamentinin üzvü Multikulturalizm Mərkəzinin qonağı olub

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Parlamentinin nümayəndəsi Niko Tippelt Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov qonağa Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da danışıb. Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, Beynəlxalq Multikulturalizm Məktəbləri, eləcə də, ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verib.
Almaniya Parlamentinin nümayəndəsi Niko Tippelt görüş üçün minnətdarlığını bildirib və müasir dünyada multikulturalizmin rolunun, Azərbaycanın bu istiqamətdə  həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıb. 
Qonağa Mərkəzin ingilis dilində nəşrləri hədiyyə olunub.

Etiketlər