Xocalı soyqırımı xarici universitetlərdə anılıb

“Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu xarici ölkə universitetlərdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılıb. Xocalı faciəsi Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib.
“Azərbaycan multikulturalizmi” fənnini Türkiyənin Erciyes Universitetində tədris edən professor Qafar Mehdiyev, Rumıniyanın Aleksandr İoan Kuza Universitetində tədris edən professor Ludmila Bejenaru, Bolqarıstanın K.Oxridski adına Sofiya Universitetində tədris edən Sofiya Şiqayeva xüsusi məruzələrlə çıxış ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. Bugünədək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 28 universitetində tədris olunub.