Azərbaycanda fəaliyyət göstərən kilsələr

Rus provaslav kilsələri

“Mixail-Arxangel” pravoslav kilsəsi

Bakı şəhəri. Yasamal rayonu. Mixail Arxangel kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən biridir. Kilsə XIX-cu əsrin 40-cı illərində inşa edilmişdir və hərbi ibadət yerlərindən sayılırdı. 1855-ci il tarixli, 39 saylı “Qafqaz” qəzetinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilmişdir. Bu səbəbdən, onun dua otağı ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və o, Xəzər donanmasına tabe idi. Bu dövrdə məbəd, “Donanma kilsəsi” (rusça “Flotskaya”) adlanırdı. Kilsə pskov stilində inşa edilmişdi. 1873-cü ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə Salyan polkuna verildir. 1875-ci ildə kilsə Yeparxial idarənin rəhbərliyinə verildi.

1891-ci ildə hərbi idarənin protosviterinin razılığı ilə kilsə binasının bərpası başlandı və 1892-ci ilin noyabr ayında təmir işləri yekunlaşdı. Təmir-bərpa işi Müqəddəs Sinodun vəsaiti hesabına aparılmışdı və 22 min. rubla başa gəlmişdi. Kilsədə yeni çar qapıları və gurbangah quraşdırılmışdır, həmçinin məbədin digər yerləri də dəyişdirilmişdir. Bütün nəqqaşlıq işləri rəssam Ems tərəfindən görülmüşdü.

1 noyabr 1892-ci ildə yenicə bərpa edilmiş məbəddə Nikolay Baş kilsəsinin protoireyi və baş keşişi Aleksandr Vasilyeviç Yuniskiy tərəfindən ruhanilər məclisi ilə birgə Müqəddəs Arxistriq Mixailin şərəfinə müqəddəsləşdirilmə mərasimini həyata keçirilmişdi. Kilsədə bir çox ikonalar var idi, amma onların arasında daha çox Müqəddəs Mitropolit Moskovskiy Aleksiy və Yaşaran İlahi Ana ikonaları seçilirdi. Bu ikonalar Salyan polkuna Afonsk Panteleymey monastırından hədiyyə kimi göndərilmişdi. Kilsədə Müqəddəs Mixail adına yalnız bir prestol (xristian məbədində bəzi dini mərasimlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş kiçik masa) vardı.

8 noyabr 1899-cu ildə kilsəyə Müqəddəs Arxistriq Mixail adına ikona bağışlandı. Bu ikona Salyan polkunun himayəçisi sayılırdı. 1918-ci ildən 1923-cü ilə kimi Mixail-Arxangel kilsəsinin baş keşişi protoiyerey Sergiy Qorodsov olmuşdu. Sonradan o, Novosibirsk şəhərinin mitropoliti olmuş və sibir əhalisi arasında müqəddəs insan kimi tanınmışdı. 1936-cı ildə sözü gedən məbəd Sovet hakimiyyəti tərəfindən bağlanıldı və yataqxanaya çevrildi. Faşizm üzərində qələbədən sonra, 1946-cı ildə kilsənin binası yenidən Rus Pravoslav Kilsəsinə qaytarıldı.

25 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Mixail-Arxangel kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdi. Hal-hazırda Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin təşəbbüsü ilə məbədin aşağı mərtəbəsində müqəddəs apostol Varfolomey adına prixod (aşağı kilsə təşkilatına mənsub üzvlərinin yaşadığı yer) tikilir.

Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi 

Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi.Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır. Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.

1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdır. Bakı və Xəzəryanı ölkələrin yepiskopu Aleksandr Həzrətlərinin qayğısı və köməyi ilə məbəddə təmir-bərpa işləri aparılmışdır.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər.

Moskvada yaşayan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Bakı və Xəzəryanı Yeparxiyanın əsas kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Həzrətləri müsəlman xeyriyyəçini "Pravoslav Ordeni" ilə təltif etmişdir.

Sözügedən pravoslav ibadət yerində şəhərin himayəçisi Müqəddəs Varfolomeyin qurumuş cəsədindən olan hissələr saxlanılır.

Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə 

Bakı yeparxiyası tabeliyində kilsə. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.

“Aleksandr Nevski” provaslav kilsəsi

Gəncə şəhəri. Məbəd 1887-ci ildə köhnə qəbirsanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılmış və başqa məqsədlər üçün istifadə olunmuşdur. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.

“Müqəddəs möcüzəvi Nikolay” kilsəsi 

Xaçmaz rayonu. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin 64 kv.m sahəsi vardır. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.


Gürcü provaslav kilsələri

Müqəddəs Georgi kilsəsi

Qax rayonunun İngiloy kənd ərazisində yerləşən gürcü-pravoslav kilsəsi. 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir. Qax və Kürmük yeparxiyasının baş kafedralıdır.  Kilsə binasının ərazisi 120 m2-dir. Kilsə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.] Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kilsəni ziyarət etmişdi.
Müqəddəs Nino kilsəsi


Qax rayonunun Əlibəyli kənd ərazisində yerləşən gürcü pravoslav kilsəsi. Kilsə 1871-ci ildə "Qafqazda Xristianlığın Bərpası İdarəsi" tərəfindən maliyyələşdirilərək tikilmişdir. Sovet dövründə anbar kimi istifadə olunmuşdur. 2010-cu ildə təmirə başlanmışdır. 1 iyun 2011-ci ildə Hereti və Xocabundi yepiskopu Melxisedek tərəfindən xeyir-dua verilmişdir.

“Müqəddəs Üçlük” kilsəsi və ya “Müqəddəs Sameba” kilsəsi


Qaxın İngiloy Kötüklü kəndində yerləşən gürcü pravoslav kilsəsi. Sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Qax və Kürmük yeparxiyasına tabedir.
“Müqəddəs Mixeyil kilsəsi” 


Qaxın Meşəbaş kəndində yerləşən gürcü provaslav kilsəsi. Kilsə 1892-1894-cü illərdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən maliyyələşdirilərək inşa edilib. Kilsənin sahəsi 0.03 hektardır. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.

Alban Udi kilsələri

Müqəddəs Yelisey adına “Cotari” Kilsəsi

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilmişdir. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülmüşdür. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, 2006-cı ildə dindarların istifadəsinə verilmişdir.

“Müqəddəs Məryəm Ana” Alban kiləsi

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Kilsənin təməli 12-ci əsrdə qoyulub. Təbii fəlakətlər zamanı bir neçə dəfə dağılmış kilsə yalnız 18-ci əsrdə tamamlanaraq ibadətə verilmişdir. 19-cu əsrdə kilsənin üslubu dəyidirilərək qriqoryanladırılmasına cəhd olunmudur. Yalnız müstəqillik qazandıqdan sonra kilsə Qədim Albaniyanın varislərindən olan Udilərin ixtiyarına verilmişdir. Azərbaycanda ən böyük kilsələrdən biri olan bu kilsə 07.11.2020 – ci il tarixində Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunaraq istifadəyə verilmidir.

Müqəddəs Yelisey adına “Kala” (Böyük) Kilsəsi

Oğuz udilərinin ibadətgahı sayılan Müqəddəs Yelisey adına Alban məbədi Oğuz şəhərinin cənub-şərqində yerləşir. Məbəd kiçik, təkzallı bazilika tipli kilsədir. Onun yaşayış məntəqəsindən aralı, dağa yaxın məsafədə, Oğuz çayının sahilində hündür təpənin üstündə çox kiçik ölçülərdə tikilməsi apostol tipli kilsə olduğu ehtimalını doğurur.

Məbədin binası düzbucaqlı formada tikilmişdir, çöldən eni 5 m 55 sm, uzunluğu 7 m 45 sm-dir. İbadət zalının ölçüləri 3 m 50 sm-in 4m 35 sm-ə nisbətindədir.

Bu abidə xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilmiş, alban tayfalarından olan yerli udinlərin ibadət ocağı olmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına köçürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmiş, nəticədə, digər tarixi-dini abidələrimiz kimi “Müqəddəs Yelisey bazilikası” da erməni təcavüzünə məruz qalmışdır. Beləki, ermənilər tərəfindən “Yeqişe Arakel” monastırı adlandırılmış, alban dilində yazılar məhv edilərək erməni yazıları ilə, alban xaçı isə erməni xaçı ilə əvəz olunmuşdur.

Katolik kilsəsi
“Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” (Günahsız Məryəm Ana) katolik kilsəsi

Müqəddəs Məryəm Ana katolik kilsəsi - 2008-ci ilin martın 7-də Bakıda Şamil Əzizbəyov küçəsində yerləşən Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. Müasir üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan binada istilik, havalandırma, yanğınsöndürmə sistemləri quraşdırılmışdır. Tikintini Vatikan Dövləti maliyyələşdirmişdir. Binanın girişində kilsənin təməlinin qoyulduğu tarix, memarların və inşaatçı şirkətin adları yazılmış lövhə vurulmuşdur. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var.


“Şəfaətçi İsa Məsih” kiçik katolik kilsəsi

Kilsə “Gənclik” metrosunun yaxınlığındakı katolik prixodunun ikimərtəbəli həyət evində yerləşir. Həmin 7otaqlı binanın birinci mərtəbəsindəki iri zal “Şəfaətçi İsa Məsih” məbədi üçün ayrılıb. İbadətgahda eyni anda 42 nəfər dini ayin yerinə yetirə bilir. Dini ayinlər rus dilində keçirilir. Bundan başqa kilsənin olduğu binada ordinarinin ofisi və salezian rahiblərinin monastırı qərarlaşıb.

 

Lüteran kilsəsi
“Xilaskar" Yevangelik-lüteran kilsəsi (alm. Erlöserkirche‎)

Xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir.

Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak etmişdilər.  Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilmiş və 70.000 rubla başa gəlmişdir.

24 iyun 1898-ci ildə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənilmişdi. 1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırılmış, 4 fevral 1899-cu ildə kilsədə ilk orqan musiqisi eşidilmişdir. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutmuşdur. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdir.

23 aprel 1900-cü ildə kirxada ilk dini orqan konserti baş tutmuş, konsertdə İ.S.Baxın əsərləri səsləndirilmişdir. Sonradan bu cür konsertlər ənənəyə çevrilmiş və 1928-ci ilə kimi davam etdirilmişdir.

Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı ilə "kamera və orqan musiqisi zalı" adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.

15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır.

Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayırılır. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilmişdir. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuş, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.

Kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyətini davam etdirir.