ABŞ-ın nüfuzlu Sutherland İnstitutunda Azərbaycan multikulturalizminə dair tədbir keçirilib
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan, Yuta ştatında yerləşən Sutherland İnstitutunda martın 9-da Yuta ştatında səfərdə olan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Yuta ştatında səfərdədir.
Tədbiri giriş sözü ilə açan Suzerlənd İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu deyərək, Azərbaycan nümayəndə heyətini salamlayıb.
Daha sonra çıxış edən Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou (Ed Rowe) Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında ilk dəfə səfərdə olduğunu qeyd edərək, bunu tarixi səfər adlandırıb. O, 20 il əvvəl Azərbaycanda yaşadığını və Azərbaycan xalqı və mədəniyyətinə heyran olduğunu vurğulayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın bu gün dinlərarası harmoniya və qarşılıqlı anlaşma üzrə bütün dünyaya örnək bir ölkə olduğunu qeyd edərək, ölkəmizdə insanların bir-birilərinin inanclarına hörmətlə yanaşdığını və bu müxtəlifliyi qəbul etdiyini və alqışladığını bildirib.
Daha sonra sonra keçirilən müzakirələrdə BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev çıxış edərək, Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat veriblər. Onlar Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıblar. Sonra panel iştirakçıları qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Tədbirə dair Sutherland İnstitutu tətəfindən dərc edilmiş məqalə ilə bu linkdə tanış olmaq olar: https://sutherlandinstitute.org/peaceful-multiculturalism-is-far-better-than-tolerance-say-azerbaijani-leaders/
Tədbirin qısa video-yazısına bu linkdə baxmaq olar: https://youtu.be/B0NPed00Glc