Azərbaycan multikulturalizmi Mərakeşdə tədris olunacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasının baş müəllimi, Əlavə təhsil və təcrübə fakültəsinin dekan müavini Anar Rəhimov Mərakeş krallığının nüfuzlu dövlət universitetlərində mühazirələr oxuyub. Səfərlə bağlı təəssüratlarını A.Rəhimov multikulturalizm.gov.az saytına müsahibəsində bölüşüb.

 

  • Anar müəllim, Mərakeş səfərinizin ideyası  necə yarandı?
  • Universitetimizin xarici ölkə universitetləri ilə sıx əlaqələri var. Bu əlaqələrlər nəticəsində tələbə-müəllim mübadiləsi, birgə konfransların təşkili, qarşılıqlı səfərlər kimi əməkdaşlıq proqramları həyata keçirilir.  Mən Mərakeşin İbn-Zöhr universitetində  “Müasir dünyada etnik və dil müxtəlifliyi” mövzusunda beynəlxalq konfransa rəsmi məktubla dəvət edildim. Onlar həm də məndən Azərbaycan multikulturalizm modeli, ölkəmizdəki dil, din və etnik müxtəliflik mövzusunda mühazirələr oxuya biləcəyim haqqında soruşurdular. Təbii ki, razılıq verdim. Sonra digər təşkilati məsələlər də həll olundu və uğurlu bir səfər proqramı gerçəkləşdi.
  • Səfər çərçivəsində hansı tədbirlər keçirildi? Səfərinizin detalları haqda ətraflı məlumat verməyinizi xahiş edirik.
  • Səfər 6 gün davam etdi. Bu müddətdə Mərakeş kralığının Rabat, Marrakeş, Kasablanka və Aqadir şəhərlərində -  İbn Zöhr və Cadi Ayyad da daxil olmaqla, 3 böyük universitetdə seminar və mühazirələr təşkil edildi. İlk gün ölkənin ən böyük universiteti olan Marrakeş şəhərindəki  Cadi Ayadda universitet rəhbərliyi ilə görüşüm oldu. Görüş zamanı tələbə-müəllim mübadiləsi, ikili diplomların verilməsi və Azərbaycan multikulturalizmi fənninin bu universitetdə tədirisi ilə bağlı fikir mübadiləsi aparıldı. Daha sonra həmin universitetin magistrantlarına “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzusunda mühazirə oxudum. Mühazirənin böyük maraqla qarşılandığını tələbələrin çoxsaylı suallarından da bəlli olurdu. Cadi Ayad universitetində, həmçinin Azərbaycan mədəniyyət mərkəzinin açılması yönündə də rəhbərliklə ilkin razılığa gəlindi.
    Sonra ölkənin ikinci böyük universiteti sayılan İbn Zöhrdə mühazirələr oxumaq üçün Aqadir şəhərinə yollandıq. Orada Azərbaycanın zəngin mədəniyyətinin təbliği, ölkəmizdəki  nümunəvi multukultural və tolerant mühit haqda geniş məlumat təqdim olundu. Bu zaman Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əyani vəsaitlərindən geniş şəkildə istifadə olundu.
  • Azərbaycan və Azərbaycan multikulturalizmi haqda mövzular Mərakeşdə necə qarşılandı?
  • Çox böyük maraqla qarşılandı, həm mühazirələr, həm də seminarlar. Sözün düzü, Azərbaycana, ölkəmizin tarixinə, mədəniyyətinə, dilinə bu qədər böyük marağın olacağını gözləmirdim. Görüşlərdə magistr və doktorantlarla yanaşı professor- müəllim heyəti də böyük maraqla iştirak edir, dinləyir, çoxsaylı suallar ünvanlayırdılar. Mərakeşdəki dostlarımızı xüsusən, Azərbaycanda tarixən dini, etnik və milli zəmində bir dəfə də olsun münaqişənin, qarşıdurmanın baş verməməsi idi. Ölkmənizdə bu durumu yaradan şərtlər, müxtəlif xalqların birlikdə sülh və harmoniyada yaşaya bilməsi faktı onlara çox maraqlı idi. Mərakeşin cənubunda etnik azlıqlarla bağlı tarixən mövcud olan problemin bu gün də davam etdiyini nəzərə alsaq, mövzunun onlar üçün aktuallığını başa düşmək olar.
  • Anar müəllim, Mərakeşdən hansı təəsüratla qayıtmısınız?
  • Təəsüratlarım həm böyükdür, həm də müsbət. Mərakeşdə qarşılaşdığım qonaqpərvərlik, isti və səmimi münasibət, eləcə də yaşayış tərzi yaxınlığı özümü bu ölkədə yad kimi hiss etməyə imkan vermədi. Qədim tarixə malik Mərakeşdə də müxtəlif etnik azlıqların nümayəndələri yaşayır və ölkə kral tərəfindən idarə edilir. Olduğum Marrakeş, Rabat və Aqadir şəhərlərindəki universitetlərdə təhsil sistemi, tələbə-müəllim kollektivi Azərbaycan haqda müəyyən məlumatlara sahib olsalar da, bizim görüşlərdən sonra daha geniş və dolğun bilgi əldə etdilər. Bu isə öz növbəsində çox xoş hisslər yaradır. Düşünürəm ki, səfər istər ölkəmizin multikultural dəyərlərinin təbliği baxımından, istərsə də Azərbaycanın yeritdiyi siyasətin oradakı dostlara çatdırılması baxımından uğurlu sayıla bilər.
  • Azərbaycanla Mərakeşin multkultural dəyərləri arasında hansı oxşarlıqlar var?
  • Azərbaycan kimi Mərakeş də mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan Avropa və Asiyanın, Mərakeş isə Avropa ilə Afrikanın sərhədində yerləşir. Cografi mövqeyi, tarixi inkşaf yolu və imperialist qüvvələrin mütamadi işğalı Mərakeşdəki dini etnik və mədəni müxtəlifliyi şərtləndirmişdir. Bu ölkədə olduğum müddətdə insanların əsasən ərəb və fransız dilində danışdıqlarının şahidi oldum. Elanlar və ictimai yerlərdəki yazıların demək olar ki, hamısı fransız dilindədir. Tarixən bu ölkəni müxtəlif imperiyalar idarə etmişlər. Roma imperiyası, ispanlar, yəhudilər, ərəblər bugünün multikultural Mərakeşində öz silinməz izlərini buraxmışlar. Bu müxtəliflik özünü Mərakeşdəki həyatın müxtəlif aspektlərində göstərməkdədir. Xüsusilə də, bu müxtəliflik dil, geyim və mədəniyyət çoxçeşidliyində aydın nəzərə çarpır. Zəngin mədəni komponentləri ( etnik qruplar) ilə bərabər, Mərakeş həmçinin son bir neçə ildə miqrant axınına məruz qalmışdır. Qanunsuz şəkildə miqrasiya edən minlərlə insan üçün Avropanın qapısı kimi Mərakeş çox cəlbedici və şirnikləndiricidir.  Bu miqrantların heç də hamısı Avropa arzusunu gerçəkləşdirə bilməyəcək. Bu baxımdan Mərakeş krallığı son illərdə müxtəlif xalqların daimi evinə çevrilməkdədir.
  • Mərakeş səfərinizin nəticəsi kimi, gələcəkdə bu istiqamətdə yeni layihələr nəzərdə tutulurmu?
  • Təbii ki, əməkdaşlığın davamlılığı və gələcəkdə də uğurla davam etməsi üçün müəyyən planlarımız var. Mərakeşin ən nüfuzlu Cadi-Ayad universiteti ilə ADU arasında imzalanan əməkdaşlıq protokoluna  uyğun olaraq, həmin universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru xanım Fatima Zohra İflahen noyabrın 26-da Bakıda olmuş ADU rektoru akademik Kamal Abdulla ilə görüşmüşdür. Görüşdə iki universitet arasında tələbə-müəllim mübadiləsi, birgə konfransların təşkili, yay məktəblərinin təşkil edilməsi birgə nəşrlərin buraxılması, eyni zamanda ikili diplomların verilməsi məsələləri müzakirə edilmişdir. Eyni zamanda yaxın zamanlarda Mərakeş universitetlərinin birində Azərbaycan mədəniyyət mərkəzinin, ADU-da isə Mərakeş mərkəzinin açılması nəzərdə tutulir. Bütün bunlarla yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Mərakeş ali məktəblərində “Azərbaycan multikulturalismi” fənninin tədris olunması da planlaşdırılır. Qarşılıqlı səfərlərin gələn ilin əvvəllərində gerçəkləşməsi də gündəmdədir.