Azərbaycanda Xristianlıq
Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başlamışdır. Belə ki, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostollar gəlməyə başladılar. Burada xristian dininin yayılması apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdləri olan Yelisey və Marın adları ilə bağlıdır. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyuldu. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəldi, beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapdı.
Qədim şərq kilsələri qrupuna daxil olan Alban Həvari Kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayılır. Eyni zamanda, bu kilsə vaxtilə Azərbaycan torpaqlarında hakim mövqedə olub. Belə ki, 313-cü ildə Arşakilər sülaləsindən olan alban çarı Urnayr xristianlığı dövlət dini elan etməklə Alban Həvari Kilsəsini rəsmi kilsə statusuna qaldırdı.
Alban Həvari Kilsəsi Qafqaz Albaniyasının mədəniyyətinin inkişafında mühüm rol oynadı. Xüsusən IV-VII əsrlər alban xristian memarlığının çiçəklənmə dövrü sayılır. Bu dövrdə Amaras monastırı (IV əsr), Kilsədağ kilsəsi (IV-V əsrlər), Mamrux məbədi (IV-V əsrlər), Ləkit məbədi (IV-VI əsrlər), Qum bazilikası (IV-V əsrlər), Xudavəng monastır kompleksi (VI-VII əsrlər), Mingəçevirdəki kilsə kompleksi (IV-VII əsrlər) kimi möhtəşəm alban xristian məbədləri tikilmişdir.
V-VII əsrlərdə Mehranilər sülaləsi dövründə Alban Apostol Kilsəsinin siyasi-iqtisadi mövqeyi güclənmiş, səlahiyyətləri xeyli artmışdır. Həvari mənşəli olduğuna görə Alban Kilsəsi hələ 340-cı ildə avtokefal, yəni müstəqil olmuşdur.
705-ci ildə Qafqaz Albaniyası süquta uğrayıb Ərəb xilafətinin tərkibinə qatıldıqdan sonra Alban Həvari Kilsəsi tənəzzül dövrünə qədəm qoymuşdur. Buna baxmayaraq, XIII əsrdə knyaz Həsən Cəlalın (1215–1261) hakimiyyəti dövründə Alban Həvari Kilsəsinin nüfuzu artmışdır. O, 1240-cı ildə möhtəşəm Gəncəsər məbədini inşa etdirmişdir. 1511-ci ildə Gəncəsər monastırı alban katolikoslarının iqamətgahına, zaman keçdikcə isə Qarabağdakı Alban knyazlığının siyasi mərkəzinə çevrilmişdir. Həsən Cəlaldan sonra onun nəslindən olan bir çox din xadimləri 1836-cı ilədək ölkənin mənəvi rəhbərləri, Alban Kilsəsinin katolikos-patriarxları olmuşlar.
XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması ilə Alban Həvari Kilsəsinin fəaliyyətinə birdəfəlik son qoyuldu. Belə ki, çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana öz sadiq nökərlərini - erməniləri kütləvi şəkildə köçürməyə başladı. Çar Rusiyasının müstəmləkə rejimi onların vasitəsilə regionda öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Bu səbəbdən Rusiya imperiyası erməni əhalisinin, o cümlədən erməni-qriqorian kilsəsinin maraqlarını qorumaq yolunu tutmuşdu. Bunu fürsət bilən erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban Katolikosluğunun birdəfəlik ləğv edilməsi məsələsini qaldırdı. Nəticədə rus çarı I Nikolayın (hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban Katolikosluğu ləğv olundu. Beləliklə, Alban Kilsəsi erməni-qriqorian kilsəsinə birləşdirildi. Bununla da tarixi ədalətsizliyə yol verildi.
Erməni ruhanilərinin Alban Apostol Kilsəsinə qarşı ədavəti bununla bitmədi. 1909-1910-cu illərdə Rusiya imperiyasının Müqəddəs Sinodu erməni keşişlərinə yeparxiyaların köhnə arxiv sənədlərini məhv etməyə icazə verdi. Bu qərar isə Alban Apostol Kilsəsinə məxsus bütün tarixi sənədlərin məhvinə, yəni erməniləşdirilərək mənimsənilməsinə gətirib çıxardı. Erməni ruhaniləri Alban Kilsəsinin sənədlərini məhv edərkən bu qədim şərq kilsəsini tarixin yaddaşından birdəfəlik silmək istəyir, gələcəyə hesablanmış məkrli planlar həyata keçirirdilər.
Ermənilər Qafqaz Albaniyasının zəngin maddi-mədəni irsinin saxtalaşdırma yolu ilə mənimsəyir, qədim alban məbədləri üzərindəki əski kitabələri məhv edir, onları qrabar dilində olan yazılarla əvəzləyir, alban kilsələrinin memarlıq quruluşunu dəyişdirirdilər. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ermənilər Alban kilsəsinin arxivlərini, albanların tarixini və mədəniyyətini əks etdirən digər zəngin maddi nümunələri məhv edərkən Alban dövlətinin və avtokefal Alban kilsəsinin mövcud olmadığını, albanların torpaqlarının isə əzəldən bəri haylara, yəni ermənilərə məxsus olduğunu sübuta yetirməyə çalışırdılar.
Qriqorianlaşdırma və erməniləşdirmə siyasətinin həyata keçirilməsi yerli xristian əhalinin müqavimətinə rast gəlirdi. Alban Həvari Kilsəsinin mənsubları olan udinlər erməni keşişlərin başçılığı altında ibadət etmək istəməyərək 1867-ci ildə rus çarına etiraz məktubu yazdılar. Həmin məktubda onlar erməni qriqorian keşişlərinin ixtiyarına verilən qədim alban xristian məbədlərində toplaşmaqdan belə imtina etdiklərini bildirirdilər.
Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Hazırda Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayan udinlər bu qədim şərq kilsəsinin dini ənənələrini günümüzədək qorudular. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması. Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.
Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.
Pravoslavlıq
Rus Pravoslav Kilsəsi Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, Şimali Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən istila edildikdən sonra rus, belorus, ukraynalı kimi pravoslav xalqların nümayəndələri ölkəmizdə məskunlaşmağa başladı. Təbii ki, yenicə tutulmuş torpaqlarda, müsəlmanların üstünlük təşkil etdiyi bölgələrdə rus, ümumiyyətlə, xristian əhalisinin artması və pravoslavlığın yayılması çarizmin maraqlarına cavab verirdi. Çünki rus imperiyası regionun xristianlaşdırılması və ruslaşdırılması yolu ilə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Pravoslavlıq isə imperiyanın əsas ideoloji sütunlarından sayılırdı. Rus kilsəsi də yerlərdə çarizmin maraqlarının qoruyucusu kimi çıxış edirdi.
XIX əsrdə məskunlaşan rusların sosial mənşəyinə gəlincə, ölkəmizdə yerləşən erkən pravoslav rus kontingentinin əsas hissəsini hərbçilər, müstəmləkə üsuli-idarəsinin məmurları, onların ailə üzvləri təşkil edirdi. Onların dini tələbatlarını ödəmək üçün yaşadıqları ərazilərdə hərbi prixodlar yaradılırdı. Bakı şəhəri də istisna deyildi. İlk vaxtlar burada yalnız səyyar hərbi kilsə fəaliyyət göstərirdi.
Bakıda yaşayan rusların məbədə ehtiyac duyduğunu görən Qafqazdakı rus qoşunlarının baş komandanı general-leytenant Nikolay Fyodoroviç Rtişev (1754—1835) pravoslav kilsələrinin tikilməsi təşəbbüsü ilə çıxış edir və 1815-ci ildə şəhər əhalisinin ianələri hesabına Qız qalasının yanında “Müqəddəs MiroLikiyalı Möcüzə göstərən Nikolay” rus pravoslav məbədi ucaldılır. Sonradan camaat arasında bu rus məbədinə “köhnə” və ya “ən birinci kilsə” deyirdilər.
XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu yaşayan Bakıya müxtəlif millətlərdən olan çoxlu mütəxəssis və işçi qüvvəsi gəldi. Onlar arasında xeyli rus vardı. Məsələn, 1893-cü ildə Bakıda 106 467 nəfər yaşayırdı ki, onlardan da 21 744 nəfəri rus pravoslavları idi. Çar üsuli-idarəsi rus əhalisinin dini tələbatını daim diqqət mərkəzində saxlayır və Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı pravoslav kilsələrin tikilməsinə dəstək verirdi. Təkcə Bakı şəhərində 1893-cü ildə 25 pravoslav təsisatı (6 pravoslav kilsə, 2 çasovnya və 17 digər təyinatlı kilsə binası) vardı. 1889-1899-cu illərdə isə Bakıda Cənubi Qafqazın ən böyük rus pravoslav kilsəsi tikildi. Aleksandr Nevskinin şərəfinə ucaldılan bu ehtişamlı məbədin təməlqoyma mərasimində rus çarı III Aleksandr (hakimiyyət illəri: 1881-1894) ailəsi ilə birlikdə iştirak etmişdir.
28 aprel 1920-ci ildə Azərbaycanda bolşeviklər zorla hakimiyyəti ələ keçirdikdən sonra ateizm dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Sovet hakimiyyətinin yürütdüyü bu siyasətdən bütün dinlərin mənsubları, o cümlədən rus pravoslavları da əziyyət çəkdi. Məsələn, Bakıda “Aleksandr Nevski” Baş kilsəsi (1936-cı il), “Müqəddəs Möcüzə göstərən Nikolay” Baş kilsəsi (ötən sərin 30-cu illəri), Qız qalasının yanında tikilmiş “Müqəddəs Varfolomey sövməəsi” (1936-cı il) və digər rus məbədləri dağıdıldı.
Azərbaycan xalqı yenidən müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini etiqad və vicdan azadlığı təmin olundu. Xüsusən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə etnokonfessional durumun tənzimlənməsi sahəsində müsbət irəliləyişlər baş verdi. Təkcə onu qeyd etmək kifayətdir ki, sovet hakimiyyəti illərində ləğv olunmuş Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası (hazırda Bakı və Azərbaycan Yeparxiyası) məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olundu. Bu isə ümummilli liderin etnik və dini azlıqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 15 noyabr 2013-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini – Mədəniyyət Mərkəzi açıldı.
Azərbaycanda rus pravoslavları ilə yanaşı, Gürcü Pravoslav Kilsəsinin mənsubları da yaşayırlar. Onlar əsasən Qax rayonunda məskunlaşıblar. Burada 4 gürcü pravoslav məbədi fəaliyyət göstərir: Qaxingiloy kəndində Müqəddəs Georgi gürcü-pravoslav kilsəsi, Əlibəyli kəndində Müqəddəs Nino kilsəsi, Kötüklü kəndində Müqəddəs Sameba kilsəsi, Meşəbaş kəndində Müqəddəs Mixeyil kilsəsi. Bu gürcü pravoslav məbədlərinin hamısı XIX əsrin sonunda tikilmişdir.
Katoliklik
Bu xristian məzhəbinin Şimali Azərbaycandakı tarixi XIV əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1320-ci ildə fransız rahib Jurden Katali de Severak Bakı və başqa şəhərlərə baş çəkir, ondan az sonra ölkəmizə fransiskan rahibi Odorik Pordenonski gəlir. Nəticədə Bakı, Şamaxı, Gəncə və Naxçıvanda katolik missiyalar, monastırlar, məktəblər təsis olunur. Təkcə Naxçıvan şəhərində 12 katolik monastır açılır. Lakin 1346-53-cü illərdə baş verən taun epidemiyası, Əmir Teymurun işğalçı müharibələri Şərqdə, o cümlədən Şimali Azərbaycanda katolik missiyaların fəaliyyətinə son qoyur.
Azərbaycan Səfəvilər dövlətinin qurulması ilə katoliklik ölkəmizdə növbəti inkişaf mərhələsinə qədəm qoyur. Səfəvi imperiyası ilə Müqəddəs Taxt-Tac arasında qurulan yüksək diplomatik münasibətlər sayəsində katolik missiyalar regionda yenidən dirçəlir, ölkəmizdə müxtəlif katolik cəmiyyətlər (ordenlər) fəaliyyət göstərməyə başlayır. Katolik rahib ordenləri Səfəvilər dövlətində bu illərdə fəaliyyət göstərmişdir: avqustinlər (1573-1747), karmelitlər (1604-1775), kapusinlər (1628-1765), yezuitlər (1653-1760), dominikanlar (1677-1764). Bununla yanaşı, 1680-cı ildə regionda polyak yezuitlərinin missiyaları yaranır. Ən birinci belə missiya Gəncə şəhərində təsis olunur. Xüsusən I Şah Abbas (1587-1629) və Şah Sultan Hüseynin (1694-1722) hakimiyyət illərində katolik ruhaniləri sərbəst fəaliyyət göstərmək imkanı qazandılar.
Çar Rusiyası dövründə Şimali Azərbaycanda katolikliyə etiqad bəsləyən polyakların saylarının kəskin artması nəticəsində Roma Katolik Kilsəsinin ölkəmizdə növbəti inkişaf mərhələsi başlayır. Belə ki, XVIII əsrin əvvəllərində Şimali Azərbaycana Rusiya imperiyasının ordusunun tərkibində məcburi şəkildə hərbi xidmət göstərən polyak əsgərləri gəlir. Polşalı hərbçilərin gəlməsi nəticəsində Zaqatala, Qusar və Bakıda polyak hərbi qarnizonları yaradılır. Həmin qarnizonların dislokasiya yerlərində katolik çasovnyalar (kiçik kilsələr) ucaldılır. Burada dini ayinləri kapellanlar (hərbi keşişlər) icra edirdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu da katoliklərin sayının artmasına səbəb oldu. Onlar arasında həkim, əczaçı, mühəndis, memar və digər peşələrin sahibləri vardı. Bakıya gələn katoliklər əsasən polyak idi. 1916-cı ildə şəhərdə katolik kilsəsinin üzvlərinin sayı 2550 nəfərə çatdı. 1903-cü ildə katoliklər Bakıda Roma Katolik Xeyriyyə Cəmiyyəti və Açıq Ev - Polyak Katolik Cəmiyyətini təsis etdilər. Yenə həmin il şəhər qəbiristanlığında Müqəddəs Xaç kilsəsini ucaltdılar. 1904-cü ildə isə katolik prixodun birsinifli dördillik məktəbi açıldı. Lakin katolik icması üçün ən əlamətdar hadisə 1912-ci ildə baş verdi. Həmin il Bakıda Məryəm Ananın şərəfinə möhtəşəm katolik məbədi açıldı. Qotik üslubda tikilən bu kilsədə eyni anda 1200 nəfər ibadət edə bilirdi. Sovet hakimiyyəti illərində həmin kilsə dağıdıldı (1931 və ya 1934-cü il), katolik icma isə məhv edildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin ümummilli lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.
Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir. Ölkəmizdə katolik icma kiçik olsa da, ictimai həyatda fəal iştirak edir, geniş xeyriyyə fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər xeyriyyə təsisatları fəaliyyət göstərir.
Hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.
Protestantlıq
Azərbaycanda protestantlığın yayılmağa başlaması çar Rusiyası dövrünə təsadüf edir. Lüteranlıq və piyetizm ölkəmizdə yayılan ilk protestant cərəyanlarıdır. Belə ki, 1819-cu ildə vürtemberqli separatçılar ölkəmizdə
Yelenendorf (indiki Göygöl şəhəri) və Annenfeld (indiki Şəmkir) adlı ilk alman məskənlərinin əsasını qoydular. Sonrakı illərdə vürtemberqli separatçılar ölkəmizdə daha altı alman koloniyası yaratdılar.
Bazel Yevangelik Missioner Cəmiyyəti də Qafqazda, eləcə də Şimali Azərbaycanda lüteranlığın yayılmasında rol oynayırdı. Həmin cəmiyyətin missionerləri XIX əsrin 20-ci illərində Şuşa şəhərində missioner məktəb və xristian ədəbiyyatını çap edən mətbəə açmaqla regionda lüteranlığın möhkəmlənməsinə təsir göstərdilər. Bununla yanaşı, çar Rusiyası dövründə Şimali Azərbaycanın müxtəlif bölgələrində baptistlərə və Yeddinci Günün Adventistləri Kilsəsinə məxsus protestant icmalar da təşəkkül tapmışdı.
Sovet hakimiyyəti illərində təqib və təzyiqlərlə üzləşən protestantlar Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra azad və sərbəst şəkildə fəaliyyət göstərmək imkanı qazandılar. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian dini icması.
Ruhani Xristianlıq
Ruhani xristianlıq – XVII-XVIII əsrlərdə Rusiya imperiyasında kəndli mühitində yaranmış, Rus Pravoslav Kilsəsinin ruhani sinfi və dini ayinlərinə qarşı çıxmış, sosial bərabərliyə, xristian qardaşlığına və erkən xristianların yaşayış tərzinə qayıtmağa çağıran, Tanrıya “ruh və həqiqətdə” ibadət etməyə səsləyən rus təriqətlərinə verilən ümumi addır.
Molokanlığın ardıcılları ölkəmizdə məskunlaşan ilk ruhani xristianlar olmuşlar. Onların bir qismi çar hökuməti tərəfindən məhkəmə qərarı ilə Qafqaza, o cümlədən Azərbaycana sürgün edilmişdir. Bir hissəsi isə Qafqazda İsa Məsihin ikinci gəlişini qarşılamaq üçün könüllü şəkildə məskunlaşmışdır. Azərbaycanda ilk molokanlar 1832-ci ildə Qarabağ qəzasının Vərəndə mahalında yerləşmişlər.
Daha sonra XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan kəndləri yaranmışdır.
Qeyd edək ki, günümüzdə Azərbaycanda bu dörd molokan dini icması dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması.
Ruhani xristianlığın digər qolu olan duxoborluğa gəlincə, ilk növbədə qeyd edək ki, Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq Slavyanka kəndinin əsasını qoymuşlar. Qədəbəy rayonunda yerləşən bu kənd ölkəmizdə yeganə duxobor yaşayış məskənidir.