Foto 4
Yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatala və Qax şəhərlərində “Multikulturalizm və vətənpərvərlik” mövzusunda gənclərin maarifləndirilməsi məqsədilə seminarlar keçirilib.
Zaqatala rayonu Zərifə Əliyeva adına Litseydə açılışı olan tədbirdə layihənin rəhbəri Rəvan Həsənov Azərbaycanda multikulturalizmin dövlət siyasəti olması, Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları və mədəni müxtəlifliyin qorunmasında gənclərin rolu mövzusunda çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əvəzsiz sərvəti olan multikulturalizm ənənələrini dünyaya ixrac olunmasında gənclərin danılmaz rolunu qeyd edən layihə rəhbəri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” fənnin dünyanın müxtəlif nüfuzlu universitetlərində və eləcə də Azərbaycan universitetlərində tədris olunduğunu vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov çıxışında gənclərə multikulturalıizmin Azərbaycan ədəbi və bədii qaynaqlarındakı izlərindən bəhs edərək, ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud” dastanından “Əli və Nino”ya qədər çoxmədəniyyətliliyin özünü göstərdiyini qeyd edib.
Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev və Zərifə Əliyeva adına Litseyin direktoru Kəmalə Əhmədova gənclərin maarifləndirilməsi baxımından regionlarda təşkil olunan bu müzakirələrin gənclərimiz üçün önəmini vurğulayıb, bunu gənclərin dini radikalizmdən qorumağın ən yaxşı yollarından biri kimi qiymətləndirib.
“Multikulturalizm və vətənpərvərlik” mövzusundakı tədbir daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu”nun Qax rayonundakı “Bilik Evi”ndə davam edib. Yerli gənclərin marağına səbəb olan tədbir maraqlı müzakirələrlə keçib. Gənclər tədbirin təşkilinə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fonduna öz minnətdarlıqlarını bildirib.