Aprelin 21-də Kamera və Musiqi orqan zalında “Vineyard Azərbaycan” xrisitian dini icmasının rəsmi fəaliyyətə başlaması münasibətilə xüsusi tədbir təşkil edilib. Tədbirdə olkəmizdəki diplomatik qurumların, Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin   və bir sıra icmaların nümayəndələri iştirak edib. Tədbirin aparıcısı Hacı Zeynaloğlu qonaqları salamladıqdan sonar sözü Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasova verib. R. İlyasov ilk öncə Mərkəzin Himayəçilik Şurasısnın sədri, akademik Kamal Abdulla və icraçı direktor əvəzi Rəvan Həsənov adından icma rəhbərliyinə fəaliyyətlərində uğurlar diləyib. Azərbaycandakı multikultural və torerantlıq dəyərlərindən danışan Rəşad İlyasov bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir. O qeyd edib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara, həmçinin müxtəlif konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək, yaşatmaq üçün yüksək səviyyədə şərait yaradıldığını və bu günki tədbirin də bu dəyərlərin bir parçasının bariz nümünəsi olduğunu vurğulayıb. Çıxışının sonunda bundan sonrada Vineyard Azərbaycan icmasıyla, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi arasında qarşılıqlı və davamlı əlaqələrin olacağına inandığını və  bu fəaliyyətin dövlətimiz üçün səmərəli bəhrə gətirəcəyini bildirib.

İcmanın rəhbəri Emil Pənəhov çıxış edərək hər kəsə iştirakı üçün ayrılıqda öz təşəkkürünü bildirərək əlavə edib ki, bu günlərə gəlib çatmağın və bu nailiyyətləri əldə etməyin helədə asan olmadığını söyləyən Emil Pənəhov gələcəkdə həyata keçirilməsi daha çox işlərin olduğunu vurğulayıb və Azərbaycanda sülh, insanlar arasında birlik və dövlətimizdə daim əmin-amanlıq üçün dua vəsatəti edib.

Sonda tədbir icma üzvləri tərəfindən icmanın yarandığı gündən etibarən yaşanmış olan real hadisələrə və həqiqətləri özündə əks etdirən kiçik teatral səhnə, “Alov” və “Dəcəl qızlar” rəqs ansambllarının müşayiəti ilə müxtəlif millətlərin milli folklor rəqsləri ilə davam edib. Tədbirin sonu ənənəvi olaraq tort kəsimi ilə sona yetib.

Məlumat üçün bildirək ki, Vineyard Azərbaycan mərkəzi qərargahı Birləşmiş Krallıqda, London şəhərində yerləşən  Beynəlxalq Vineyard kilsələri Assosasiyasının üzvüdür və Azərbaycandakı rəsmi nümayəndəliyidir. 2018-ci il aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Vineyard Azərbaycan” xristian dini icması olaraq rəsmi qeydiyyata alınıb.