Fevralın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarı önünə tər güllər düzüblər, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən layihə iştirakçılarına Şəhidlər xiyabanının və şəhərimizin tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 2017-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatıldığı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 12-dən 18-dək Bakı şəhəri ilə yanaşı, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında fəaliyyət göstərəcək. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 17, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya, Ukrayna kimi ölkələrin aparıcı universitetlərindən 30–a qədər tələbə iştirak edir.