15012527755291844177_1000x669

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 28-də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəliblər.

Qəsəbə ilə tanışlıq zamanı qonaqlara Lahıcın tarixi, mədəniyyət abidələri, turizm potensialı barədə ətraflı məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Bu orta əsrlər yaşayış məskəni Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri olub. Lahıc xüsusilə oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə məşhurdur. Yay məktəbinin iştirakçıları qəsəbədəki emalatxanada müxtəlif məişət əşyalarının hazırlanması prosesinə baxıblar.

Bildirilib ki, Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə 1500-dən artıq yaşı olan su-kanalizasiya sistemi fəaliyyət göstərir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb.

Tarix-diyarşünaslıq muzeyində yay məktəbinin iştirakçılarına məlumat verilib ki, Lahıc XVIII-XIX əsrlərdə də Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, sərnic, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məişət əşyaları dünyanın müxtəlif ölkələrində ən məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəyir.