1500975964279649149_1000x669

Azərbaycanda “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində – Azərbaycanda dinlərarası harmoniya” mövzusunda V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən yay məktəbində 26 ölkənin – Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin və digər ölkələrin aparıcı universitetlərindən 60-dək tələbə iştirak edir.

Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

İyulun 30-dək davam edəcək yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Qax, Şəki, Qəbələ və İsmayıllı rayonlarını əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.

Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları iyulun 24-də axşam saatlarında Qax rayonuna gəliblər.

Beş ulduzlu “El Resort” otelində yerləşən tələbələr üçün axşam yerli musiqi və rəqs kollektivlərinin iştirakı ilə mədəni proqram təşkil edilib.

Yay məktəbi çərçivəsində iyulun 25-də günün birinci yarısında BBMM-nin aparıcı məsləhətçisi İrina Kuninanın “Azərbaycanda etnik müxtəliflik” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirəçi ilk olaraq auditoriyaya “Siz multikulturalizmi necə başa düşürsünüz?” sualı ilə müraciət edib. Tələbələr multikulturalizmin müxtəlif milli və dini baxışları daşıyan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması olduğunu bildiriblər.

Sonra Azərbaycanın multikultural durumunu və etnik mənzərəsini əks etdirən film nümayiş olunub.

İrina Kunina bildirib ki, Azərbaycan polietnik dövlətdir. Azərbaycanın etno-mədəni mənzərəsini yaradan çoxlu sayda faktlar mövcuddur. Azərbaycanda yaşayan milli azlıqlar, etnik qrup və xalqlar – udinlər, ingiloylar, yəhudilər, tatlar, talışlar, ləzgilər və başqa azsaylı xalqlar tarixən burada formalaşıblar və Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edirlər.

Multikulturalizmin Azərbaycan modeli ilə Kanada, ABŞ, Avstraliya və digər ölkələrin modelləri arasında müqayisə aparan, bu modellərin oxşar və fərqli cəhətlərini nəzərə çarpdıran İrina Kunina Azərbaycançılıq ideologiyasında digər etnik qrup və dini konvensiyalara hörmətin xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən də ayrı-ayrı dövrlərdə müxtəlif etnik qrup nümayəndələrinin kompakt şəkildə Azərbaycana gəlməsi və burada məskunlaşması heç bir problem yaratmayıb. Fərqli din və dil daşıyıcıları olan malakan, yəhudi və digər etnik qrupların Azərbaycanda əsrlərboyu birgə yaşaması, ötən müddətdə hər hansı bir qarşıdurma faktının qeydə alınmaması Azərbaycan multikulturalizminin pozitiv mahiyyətini xarakterizə edir.

Sonra ABŞ-ın Florida Beynəlxalq Universitetinin professoru Tudor Parfittin “Yaxın Şərqdə Yəhudilik və İslam: tolerantlıq, müxtəliflik və müasirlik” mövzusunda mühazirəsi dinlənilib.

İslam və yəhudi dinlərində olan müqəddəs mətnlər barədə tarixi faktlara əsaslanan məlumatlar verən mühazirəçi bu dinlər arasında əsrlərboyu mövcud olan problemlərə diqqət çəkib və bu problemləri daha çox dialoqun olmaması ilə əlaqələndirib. Professor bu problemlərin həlli kimi müxtəlif səviyyələrdə və formatlarda açıq müzakirələrin, dialoqun həyata keçirilməsinin vacibliyini önə çəkib.

Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Proqrama uyğun olaraq yay məktəbinin iştirakçıları günün ikinci yarısında Qax rayonunun tarixi məkanları – Sumuq qala, Səngər qala, Kürmük məbədi, Məscid və Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.

1500975964583791729_1000x669