14940563596002627117_1000x669

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, professor Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilən sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə siyasi, iqtisadi, milli və dini zəmində narahatlıqlar yaşanan zəmanəmizdə Bakıda növbəti mədəniyyətlərarası dialoq Forumunun keçirilməsini məntiqi addım kimi dəyərləndirib. Bildirib ki, müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan bütün dünyaya göstərir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa qadirdir. Məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan uğurlu ideyalarını dünyaya yaymaq qüdrətinə malik dövlətə çevrilib. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Dövlətimizin başçısı qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə himayəsi ölkəmizin qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilməsinə ali xidmətdir.

“Xalqımız və dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev Ümummilli Lider missiyasında ölkəmizi parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas etdi. Mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, Azərbaycan cəmiyyəti daxilində milli, dini, məzhəblərarası harmoniya məsələlərinə, dövlət-din münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi diqqət yetirirdi. “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” kəlamının müəllifi olan Ulu Öndərimiz tolerantlıq, multikulturalizm kimi ümumbəşəri önəm kəsb edən dəyərləri məhz Azərbaycanın nümunəsində dünya miqyasında analoqu olmayan bir fenomenə çevirməyə müvəffəq oldu. Beləliklə, milli və mənəvi dəyərlərinə sadiq, demokratik və dünyəvi dövlət olan Azərbaycan din-dövlət münasibətlərinin nümunəvi modelini, mədəniyyətlərarası dialoq və əməkdaşlığın yüksək təzahürü olan multikultural həyat tərzini qloballaşan dünyaya təqdim edir. Çox şadam ki, ulu öndər Heydər Əliyevin mənəviyyat məktəbinə layiqli dəyər verilərək, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ayrıca bir bölümü məhz bu mövzuya həsr olunub”, – deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, Azərbaycan tarixən çoxmədəniyyətli bir ölkə olub. Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. O deyirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir”. Ümummilli lider Heydər Əliyev bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədiləşməsinə yönəltdi. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olundu. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib.

Kamal Abdullayev diqqətə çatdırıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. “XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri obyektiv və subyektiv səbəblərdən cəmiyyətdəki etnik müxtəlifliklərin tənzimlənməsində çox ciddi problemlərlə üzləşdi. Buna cavab olaraq Almaniya, Fransa, Böyük Britaniya kimi bir sıra Qərb ölkələrinin rəhbərləri multikulturalizm siyasətinin müasir dövrdə iflasa uğradığını rəsmi şəkildə bəyan etdilər. Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmağa başladı. Bu qütblərdən birini bədbin, digərini isə nikbin adlandıra bilərik. Bədbin qütbü Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron formalaşdırdı və 2011-ci ildə Münxen Təhlükəsizlik Konfransında çıxışında bunu əsaslandırmağa çalışdı. Nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmaqdadır. Prezident İlham Əliyev Kemeronun bədbin fikrinə qarşı optimist baxış və siyasi iradə ortaya qoydu”, – deyə dövlət müşaviri bildirib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev ölkəmizin gələcəyi ilə bağlı siyasətin müəllifidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında müxtəlif yollar dayanırdı. Ulu Öndər bizə bu yolların ən düzgününü göstərdi. Azərbaycanda dünyəvilik təsbit olundu. Azərbaycan müsəlman dünyasının bir parçasıdır. Bütün dini bayramlarda dini konfessiyalar birgə iştirak edir.

Komitə sədri məlumat verib ki, hazırda Azərbaycanda 2 mindən çox məscid, 7 yəhudi sinaqoqu, 13 xristian kilsəsi fəaliyyət göstərir. Bu gün ölkəmizdə 760-dək dini icma qeydiyyatdan keçib. Onların sərbəst şəkildə fəaliyyət göstərməsi dinlərarası harmoniyanın göstəricisidir.

Cənubi Baptist Kilsəsinin Xristian Bel-El Mərkəzinin pastoru Xuan Karlos Mendez, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı filialının rəhbəri Aurieliya Qriqoriu, Humanitar və Texnologiyalar üzrə Lusofon Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Teresa Damasio, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Nesterov Azərbaycanda mövcud olan multikultural və tolerant mühitdən danışıblar. Bildiriblər ki, Azərbaycanın multikultural dəyərləri öyrənilməlidir.

Forumun əhəmiyyətinə toxunan natiqlər qeyd ediblər ki, tədbirin Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Çünki buradakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli şərait yaradıb. Çıxış edənlər Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Sessiya müzakirələrlə davam edib.

14940563593908827134_1000x669