Foto Maya 2

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi fənninin xarici və yerli universitetlərdə tədrisi” layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənni19 yerli ali təhsil məktəbləri ilə yanaşı 11 nüfuzlu xarici universitetdə tədris olunur.
Müsahibimiz Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edən Maya Cəfərquliyevadır.

Əvvəlcə Portuqaliyada necə qarşılandığınızdan danışardınız. Oralara tez bir zamanda alışa bildinizmi?

Portuqaliyada sözlə ifadə edə bilməyəcəyim qədər yüksək səviyyədə qarşılandım. Həm Universitet kollektivi tərəfindən, həm magistrantlar tərəfindən. Qeyd etmək istərdim ki, olduqca mehriban, gülərüz və ünsiyyətcil xalqdır. Lusofona Universitetinin Dinşünaslıq kafedrasının kollektivi və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri professor Teresa Do Rosario Damasio ilə ilk görüş zamanı yüksək qonaqpərvərliyin şahidi oldum. Tələbə-müəllim heyəti tərəfindən Azərbaycana olan böyük marağı və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq istəyi hiss olunurdu. Burada yeni muhitə öyrəşmək çətin deyil, çünki insanları sülhsevər, xoşniyyətli, havası mülayim, təbiəti rəngarəng, mətbəxi isə ləziz olan Portuqaliya torpağınadayam. Burada çalışdığım Dinşünaslıq kafedrasında sağlam iş abu-havası hökm sürür və kafedra əməkdaşları ilə birgə işləmək çox xoşdur.

Portuqaliyadakı multikultural vəziyyəti necə gördünüz?

Portuqaliya müxtəlif mədəniyyətləri və dinləri təmsil edən nümayəndələrin birgə yaşadığı nəhəng ailədir. “Böyük kəşflər” dövrü Portuqaliyada mədəni müxtəlifliyin formalaşmasına, bu ölkədə mədəniyyətlərarası dialoqun inkişafına təkan vermib. Burada multikultural muhiti “Birlik müxtəliflikdə, müxtəliflik isə birlikdə” kəliməsi ilə ifadə etmək olardı. Universal portuqal dili plyuralistik cəmiyyəti birləşdirərək, ümümi mədəni irsin formalaşmasına zəmin yaradıb. Bu irs bir neçə kontinenti birləşdirərək “Lusofona” fenomenini ərsəyə gətirib. Portuqaliyada “Azərbaycan multikulturalizmi” kursunun tədris olunduğu Universitetinin adında da bu konsepsiya öz əksini tapıb.
Dini müxtəlifliyə gəldikdə isə, Portuqaliya xristianlığın katolik cərəyanının geniş yayıldığı ölkədir, əhalinin əksəriyyəti xristianlığa etiqad edənlərdi. Bununla yanaşı ölkədə islam, yaxudilik, buddizm və müxtəlif qeyri-ənənəvi inanclar da yayılıb. İlk öncə tədris apardığım qrupda bu müxtəlifliyin şahıdı oldum. Qrupdakı dinləyicilərin arasında katolik keşişə, Lisabon yaxudi icmasının rəhbərinə, Bütpərəstlər Asosiasiyasının kuratoruna, ateistlərə rast gəldim. Sözün əsl mənasında çoxmədəniyyətli auditoriyadır.

Bu qısa müddət ərzində universitetlə əməkdaşlığın səviyyəsi sizi qane edirmi?

Lusofona Universiteti ilə əməkdaşlıq inkişaf etməkdə, müxtəlif istiqamətlərdə ortaq işbirliyi perspektivləri təyin olunmaqdadır. Azərbaycan multikulturalizmi tədris kursunu dinləyən tələbələrin Azərbaycan mədəniyyətinə yüksək marağını nəzərə alaraq, “Azərbaycan mədəniyyəti saatları” adlı əlavə proqramın həyata keçirilməsi istiqamətində iş aparılır. Nəzəri hissəylə bərabər praktik məşğələləri də özündə birləşdirən proqram Azərbaycan mədəniyyəti ilə tələbələri daha yaxından tanış edəcək, mövcud biliklərin daha da zənginləşməsinə xidmət edəcəkdir. Bundan əlavə, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” eposuna həsr olunacaq tədbirlə bağlı hazırlıq işləri görülür.

İndiyə kimi keçilən dərslərin mövzuları nə olub?

Indiyə kimi üç dərsimiz baş tutub. Mühazirələrimiz “Azərbaycan multikulturalizmi fənninin predmeti və əhəmiyyəti”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” və “Etnik- milli müxtəliflik və Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzularına həsr olunub.

Tələbələrinizin say tərkibi və milli mənsubiyyəti necədir?

Hal-hazırda kursu 10 nəfər dinləyir. Milliyətcə portuqaldılar, qrupda yahudi də təhsil alır. Umumillikdə, maraqlı və rəngarəng auditoriya formalaşıb. Aralarında fizika üzrə elmlər namizədi, turizm sektorunda çalışan, hüquqşünas, mədəniyyət sektorunun işçiləri, yerli dini icmaların rəhbərləri, elmi tədqiqatçılar vardır. Müxtəlif sahələr üzrə nümayəndələri birləşdirən amil isə Azərbaycana və Azərbaycan multikulturalizminə olan maraqdır.

Dərslər necə qarşılanır və onların Azərbaycan haqqında daha öncə məlumatları nə səviyyədə idi?

Kursu dinləyənlərin Azərbaycanın multikulturalizm siyasəti sahəsində təcrübəni dərindən dərk etmək istəyi danılmaz həqiqətdir. Onlar dərs zamanı səslənən hər bir fakta böyük maraq göstərir, dərsdən öncə sərbəst araşdırma aparırlar və nəticədə auditoriyada disskusiyalar aparılır. İlk dərsdə auditoriyada Azərbaycan haqqında bilikləriniz sualına Bakı, neft, evroviziya mahnı müsabiqəsi, ilk Avropa oyunları, Islam dini kimi cavablar daha çox səsləndi. Dərslərin birində auditoriyada simulyasiya oyununu keçirdik, böyük həvəslə iştirak etdiklərinin şahidi oldum. Dərsin seminar hissəsində auditoriya şərti qruplara bölünmüşdü və onlara sorğu anketi təqdim olunmuşdu. Bu dinləyicilərin həvəsini daha da artırdı, kiçik qruplar arasında bilik üzərində qurulan sağlam rəqabəti gördüm. Təbii ki, ən dolğun cavabları təqdim edən qrupun qələbə uğrunda mübarizəsi yox, əsl bilik mübadiləsi önəmli idi.

Tələbələrin ən çox verdiyi suallar, onları daha çox nə maraqlandırır?

Ən çox Azərbaycanın etnik və dini müxtəlifliyi barədə suallar verilir. Azərbaycanda min illər boyu birgə yaşayan müxtəlif etnik qruplarla maraqlanırlar. Dünya etnik xaritəsində yalnız Azərbaycanda yaşayan Xınalıqlar barədə çoxlu suallar verirlər. Dünyada yalnız Azərbaycanda mövcud olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti onlarda böyük maraq doğurur. Onları ilk dərsimizdə portuqal və azərbaycan dilində salamlamışdım, ana dilimizə maraqları oyandı. Bu onların Azərbaycan diliylə ilk görüşləri idi və ana dillərinə yaxın fonemaları eşitdikdə “biz o qədər də uzaq deyilik” deyə, dillər arasında məsafənin aramızda olan coğrafi məsafədən daha qısa olduğunu vurğuladılar.