BBMM-de gorush

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

Rusiya Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Dərnəyinin üzvü Yasek Edvard Palkeviç 1972-ci ildən bəri dünyanın Saxara, Amazon hövzəsi, Sibir, Vyetnam, Namibiya, Atakama, Pataqoniya, Atlantik okeanı, Peru, Təkləməkan kimi maraqlı coğrafi məkanlarına səfər edib, indiyədək elmə məlum olmayan bəzi yerlərin kəşfinə imza atıb. Səyyahın səfərlərindən bəhs edən 30-dan artıq kitabı, qələmə aldığı reportajlar indi də Avropa oxucularının diqqət mərkəzindədir.

BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman qonağı salamlayaraq tanınmış araşdırmaçının ölkəmizə səfərindən məmnun olduğunu bildirib, bu səfərin yeni araşdırmaların qələmə alınması üçün zəngin mənbə olacağına ümidvar olduğunu qeyd edib. Aytən Qəhrəman Mərkəzin layihələri, eləcə də işıq üzü görən nəşrlər barəsində qonağa məlumat verib, qonağı maraqlandıran sualları cavablandırıb. Söhbət zamanı Yasek Edvard Palkeviç “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının Azərbaycan, rus və ingilis dilində nəşrlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov görüşdə ölkəmizdəki dinlərarası harmoniyadan, tolerantlıq mühitindən söz açıb, Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunduğunu xatırladıb.  Professor Etibar Nəcəfov Yasek  Palkeviçin bu səfərinin gələcəkdə ölkəmizlə yeni əməkdaşlıqlar üçün zəmin yaradacağına inandığını bildirib.

Yasek Edvard Palkeviç buraya gəlməzdən əvvəl Azərbaycanın multikulturalizm modeli ilə nəzəri tanış olduğunu, bu ölkənin multikultural dəyərlərinə maraq göstərdiyini deyib: “Azərbaycana səfərə gəlməzdən əvvəl bu ölkənin özünəməxsus multikulturalizm modeli olduğunu, burada müxtəlif xalqların nümayəndələrinin, fərqli dinə etiqad edənlərin yüzillərlə bir arada dinc yanaşı yaşadığını öyrəndim. Səfərim zamanı oxuduqlarımın əyani şahidi oldum. Müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edən bu səfərdə- əhalisinin 96 faizinin müsəlman olduğu bir ölkədə, gözəl arxitektura abidələrinin olduğu qədim və modern Bakıda tam bir multikultural ab-havanı öz gözümlə gördüm. Burada bəziləri orucunu tutur, ibadətini edir, bəziləri isə restoranlarda, əyləncə mərkəzlərində dostlarıyla xoş vaxt keçirir. Müsəlman ölkəsində, həm də Ramazan ayında bu örnək tolerantlıq  nümunəsi, hər kəsin digərinin inancına, etiqadına bu qədər dözümlülüklə yanaşması məni xoş anlamda təəəccübləndirdi. Azərbaycan muıltikultrualizmi öz dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Dünyada multikulturalizmin mövqeyinin zəiflədiyi bir vaxtda Azərbaycanın belə bir siyasi xətt tutması məni yaxşı mənada heyrətləndirdi”.

Qonaq 2008-ci ildən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə start götürən və  sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”ni təqdir etdiyini bildirib və bu beynəlxalq layihənin  mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və qonşu regionalrın hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verdiyini deyib.

Yasek Edvard Palkeviç görüş zamanı həmçinin taleyin hökmü ilə Azərbaycanı  özünə vətən seçmiş polyaklar, eləcə də məşhur memarlar İosif  Qoslavski, Yevgeni Skibinski və L. Plaşko ilə bağlı oxuduğunu, ölkəmizlə bağlı dərin təəssüratlar aldığını vurğulayıb: “Bildiyimə görə, polyak əsilli memarların XIX əsr Bakısının memarlığında özünəməxsus dəsti-xətti var. Səfərim zamanı Skibinskinin Bakıda ən parlaq memarlıq işi sayılan köhnə Persidskaya küçəsindəki-hazırda Memarlar Evinin yerləşdiyi binayla da tanış oldum. Azərbaycanın paytaxtı- müsəlman Bakısında polyak əsilli memarların hələ XIX əsrdə belə sərbəst fəaliyyətinə, modern binalar inşa etməsinə şərait yaradılması da fikrimcə, Azərbaycanda multikulturalizmin əsrlərə söykənən həyat tərzi olduğunun sübutudur. Bu səfər məndə zəngin təəssüratlar yaratdı. Bütün bu faktlara istinad edərək, aradırmalarımı daha da dərinləşdirərək yaxın gələcəkdə Azərbaycan haqqında reportaj hazırlayıb Avropa oxucularına təqdim etməyi düşünürəm”.

Sonda qonağı  maraqlandıran suallar cavablandırılıb, ona BBMM-in nəşrləri hədiyyə edilib.