IMG_4629Martın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM)  İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib. BBMM-in icraçı direktoru Azad Məmmədov, BBMM-in müşaviri Aytən Qəhrəman və Mərkəzin əməkdaşı Nəriman Qasımoğlunun iştirak etdiyi görüşdə BBMM və STNE arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Müzakirələrdən sonra BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını  təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Mərkəzin icraçı direktoru Azad Məmmədovla politoloq Sandro Tetinin imzaladığı memoranduma əsasən, İtaliyada BBMM-in Roma filialının yaradılması və fəaliyyətinin təşkili təmin ediləcək.

Anlaşma memorandumunda həmçinin mənəvi, hüquqi, multikulturalizm və tolerant dəyərlərin təbliği, Azərbaycanın və İtaliyanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlərin, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputların təşkili məsələləri öz əksini tapıb.