Azərbaycan istər ictimai-siyasi sahədə, istərsə də mədəniyyət sahəsində irəlidə gedən ölkələrdən biridir. Azərbaycan digər ölkələr arasında olduğu kimi, Hindistan Respublikası arasında da mədəniyyət sahəsində əməkdaşlıq edir. Bunu, bir neçə gün əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən tədbir də sübut etdi.
Hindistan Səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə yaratdığı “Şərq Musiqisi və Multikultural dəyərlər” mövzusunda keçirilən yaradıcı və interaktiv görüş çox yüksək qiymətləndirildi. Layihənin rəhbəri və tədbirin aparıcısı, MDB Parlamentlər arası Şurası Asossiasiyası tərəfindən “Mədəniyyət və İncəsənətin inkişafındakı xidmətlərinə görə” nişanı ilə təltif edilmiş professor Mina Hacıyeva idi.
İlk olaraq, açılış üçün söz, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyevaya verildi. Nərminə xanım Cənab səfiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzçisi Rəvan Həsənovu, gözəl rəqs nümayiş etdirən hind rəqqasəsi Xanım Nişa Gövindanı və digər qonaqları salamladı və onları tez-tez Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görmək istədiyini bildirdi.
Daha sonra, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rana çıxış edərək, bildirdiki, onun üçün də Bakı Musiqi Akademiyasında olmaq, musiqiçilərlə bir arada olmaq çox gözəl bir hissdir. Cənab Səfir Hind musiqisindən, hind raqalarından məlumat verərək qeyd etdi ki, onlar bizə gələrkən İndian Music Oxford ensiklopediyası 3 cilddə, hind raqaları (diskdə), Hindistanın milli alətləri olan sarangi, sarod və santur alətlərini hədiyyə olaraq gətiriblər.
Hind musiqisi haqqında, hind alətləri haqqında Bakı Musiqi Akademiyasının magistr səviyyəsində təhsil alan musiqişünas Əlizadə Könül təqdimatını nümayiş etdirərək bildirdi ki, Hindistan dünyanın ən qədim ölkələrindən biri olaraq, ən qədim sivilizasiyaların önündə gedərək, zəngin tarixi-mədəni irsə malikdir.
Solmaz Əsgərova Arti, hind rəqsləri haqqında məlumat verərək, gözəl bir rəqs nümayiş etdirdi. Son olaraq isə, Bakı Musiqi Akademiyasının magistrantları ilə birgə hind rəqsindən ibarət flashmob təqdim etdilər. Bu rəqs nömrəsi qonaqlar və dinləyicilər tərəfindən çox hərarətlə qarşılandı və sonda qonaqlara BMA-nın adından professor Mina xanın Hacıyevanın kitabları – Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli haqqında, bu musiqisinin dünya səviyyəsinə qaldıran Qara Qarayev haqqında və Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası haqqında 3 cilddə azərbaycan, rus və ingilis dillərində, hind raqalarının sirdaşı olan Azərbaycan muğamı haqqına kitablar Azərbaycan xalqından Hindistan xalqına hədiyyə olundu.