Ruslarda belə bir atalar sözü var. Oxucularımız Rusiya tarixçisi, politoloq və professor Oleq Kuznetsovu erməni faşizmini ifşa edən mübariz alim kimi yaxından tanıyırlar. Onun əksər çıxışları, elmi araşdırmaları, tədqiqatları və nəşr etdirdiyi kitablar nəinki Ermənistanda, elə Rusiyanın özündə və bir sıra Qərb dövlətlərində də ciddi müzakirələrə səbəb olur, alimə qarşı erməni diasporunun nüfuzlu təmsilçiləri sərt hücuma keçir, onu öz vətənində susdurmağa, həbsə atdırmağa, məhv etməyə çalışırlar. Kuznetsov bu qaydasız döyüşü qanun çərçivəsində ləyaqətlə aparır və hər dəfə də udur. O deyir: – “Hipertonik yuxarı təzyiqə necə alışırsa, mən də erməni millətçilərinin hücumlarına eləcə alışmışam”.
Dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında rusiyalı alim keçmiş SSRİ-nin və Azərbaycan SSR-in dövlət təhlükəsizlik xidmətlərinin fondlarında uzun müddət apardığı elmi tədqiqatların yekunları ilə bağlı üç belə konfrans keçirəcəyini, əldə etdiyi yeni sənəd və faktları hissə-hissə ictimaiyyətin diqqətinə çatdıracağını bildirdi.
İlk tədbirdə diqqət erməni faşizminin və erməni millətçi faşist ideologiyasının banisi Qaregin Njdenin (Ter-Arutunyan) həyatında bu vaxtadək hamıya məlum olmayan və gizli qalan məqamlara yönəldildi. Oleq Kuznetsov elə birinci mətbuat konfransında ən sərt ittiham hökmünü oxudu və erməni faşizminin yüz illik tarixə malik olduğunu tutarlı faktlarla sübut etdi.
O bildirdi ki, 2016-cı ilin ikinci yarısından başlayaraq 2017-ci il də daxil olmaqla bir sıra ölkələrin kütləvi informasiya vasitələrində Ermənistanın paytaxtı İrəvanda qatı erməni millətçi ideologiyasının baş ideoloqu faşist Qaregin Njdeyə abidə qoyulması müzakirə olundu. Erməni mətbuatı onu milli qəhrəman, erməni milli dövlət ideologiyasının banisi və erməni xalqının xilaskarı kimi təqdim etmək üçün dəridən, qabıqdan çıxırdı. Postsovet ölkələrindən Rusiyada, Azərbaycanda, Özbəkistanda və digər respublikaların bəzilərində KİV Njdenin faşist olduğunu oxucuların diqqətinə çatdırır, onun milli qəhrəmana çevrilməsinə etiraz edirdilər. Qəribəsi odur ki, həm Moskvada, həm də dünyanın digər siyasi mərkəzlərində Njdeyə abidənin ucaldılması faşizmin bütləşdirilməsi kimi yox, “Ermənistanın daxili işi kimi” dəyərləndirildi. Rusiya mətbuatı isə Ermənistanın xətrinə dəymədən Qafqazda “yeganə müttəfiqi” kimi onun könlünü almağa çalışdı. Ola bilər ki, həmçinin Rusiyanın bir sıra aparıcı mətbuat orqanlarının ermənilər tərəfindən idarə edilməsi Njde üçün gözəgörünməz qalxana çevrildi.
Oleq Kuznetsova görə hər zaman və hər yerdə nasizmin Baltikyanı respublikalarda, Ukraynada üzə çıxmasını nifrətlə damğalayan Rusiyanın siyasi təbəqəsinin Ermənistana qarşı tənqidi çıxışlardan birdəfəlik imtina etməsi təəccüblüdür. Məhz buna görə Njdenin tərcümeyi-halı araşdırılmalı, daha dərindən öyrənilməli və ictimaiyyətə çatdırılmalıdır. Alimin bir ilə yaxın işləyib üzə çıxardığı sənədlərdə Njde ilə bağlı danılmaz faktların bir qisminə heç Rusiya arxivlərində də rast gəlmək mümkün deyil.
Oleq Kuznetsov mətbuat konfransında əvvəlcə siyasi bəyanatla çıxış etdi və bildirdi ki, o, öz adından danışır, onun mövqeyi Azərbaycanın rəsmi dairələrinin mövqeyini əks etdirmir. Sadəcə, bir alim kimi üzə çıxardığı yeni faktları cəmiyyətə təqdim etməyi öz vəzifəsi sayır. Faşizmin Ermənistanda leqallaşdırılması, təbliğ edilməsi və qəhrəmanlaşdırılmasını Njdenin həyatından gətirilən real faktlar təsdiq edir.
Politoloq Azərbaycan dövlət təhlükəsizlik orqanlarının arxivlərində tanış olduğu 138 nömrəli tam məxfi direktiv sənədə istinadən bildirdi ki, sovetlər dönəmində hələ 30-cu illərdən Daşnaksütyun partiyasının üzvlərinə nəzarət mövcud idi. Bu sənəddə partiyanın fəaliyyətinə siyasi qiymət verilir, onun erməni ari fəlsəfəsini təbliğ etməsi göstərilirdi: “XII qurultaydan sonra Daşnaksütyun partiyasının fəallarının həm xaricdə, həm də ölkə daxilindəki fəaliyyətinin faşizm ideologiyasına keçməsi aydın sezilir”. Bolşevizmin qatı düşməni olan daşnaklar bu mübarizəni yenilməz etmək üçün faşizm taktikasını seçirlər. Artıq Njde öz məqaləsində açıq yazır ki, “biz hərəkət etmək üçün Hitlerdən öyrənməliyik”. Məgər Qaregin Njdenin Hitlerin şagirdi olmasını etiraf etməsi, həmçinin erməni millətinin alman faşistləri kimi yüksək ari irqinə mənsub olmasını ideologiyaya çevirmək tutarlı faktlar deyilmi? Njde öz davamçılarına türklərlə və bütün müsəlmanlarla Hitlerin yəhudilərlə rəftar edəcəyi kimi davranmağı tövsiyə edirdi.
ZSFSR Xalq Daxili İşlər Komissarlığının Azərbaycan üzrə Dövlət Təhlükəsizliyi İdarəsinin 7 aprel 1935-ci il tarixli, 138 nömrəli direktivində göstərilir ki, erməni millətçisi Qareginin ifadələrində Zaqafqaziya sovet təhlükəsizlik orqanları tərəfindən faşizmin bir növü kimi başa düşülürdü. Məhz bu faktlara görə politoloq Kuznetsov belə hesab edir ki, bugünkü müasir Rusiyada, bir sıra başqa ölkələrdə Njdeyə abidənin ucaldılmasını “Ermənistanın daxili işi” kimi qiymətləndirmək düzgün deyil.
Daşnaklar nasist ariliyi nəzəriyyəsinə keçən kimi sovet təhlükəsizlik xidmətləri onları ciddi təqibə başladı. Adını çəkdiyimiz məxfi sənəddə erməni faşizminə qarşı mübarizənin müxtəlif yolları açıqlanır, yerli təhlükəsizlik orqanlarına dəqiq göstərişlər verilir ki, yeni agentura şəbəkəsi yaradılsın, daşnakların izlənilməsi gücləndirilsin. Hitleri özünə müəllim seçən daşnakların bütün sovet ittifaqında izlənilməsi tövsiyə edilir.
Ermənilər 1937-ci illərdə kütləvi repressiyalara məruz qaldıqlarını bayraq edirlər. Oleq Kuznetsov bu iddiaların həqiqətə uyğun olmadığını bildirir. Ermənilərin içində repressiyalar əsasən Daşnaksütyun partiyasının faşist ideologiyası ilə iliyinədək zəhərlənən üzvlərinə qarşı aparılırdı. Onlar ya güllələnir, ya da həbs edilirdilər. Bu kortəbii aparılan bir proses deyildi. Qafqaz çekistləri uzun hazırlıq keçmişdilər və nə etdiklərini yaxşı bilirdilər. Kəşfiyyat işindən başqa dərin analizlər aparılırdı. Adıçəkilən direktiv sənəddə çekistlərin də işi sərt qiymətləndirilirdi: “Belə bir xarakterik vəziyyəti də qeyd etmək lazımdır ki, ucqarlardakı orqanlarda onların ərazilərinə gələn vacib və diqqətdə saxlanılmalı “obyektlərə” (daşnaklara) bir çox hallarda diqqətsiz və cinayətkarcasına başdansovdu yanaşırlar”. Həbsdən və sürgündən qayıdan daşnak kadrlara qarşı sayıqlığın artırılması tapşırılırdı, qüsurlar göstərilirdi: “Heç bir rayonda daşnakların dəqiq qeydiyyatı aparılmır”.
Lakin daşnaklar özlərini Hitlerin davamçıları elan etdikdən sonra onların qeydiyyatı sərtləşdirilir və üç kateqoriya üzrə aparılır: 1. Partiya üzvləri. 2. 1921-ci il silahlı antisovet üsyanının üzvləri. 3. Daşnakların təəssübünü çəkənlər. Repressiya illərində birinci iki qrupa aid olanlar sistemli surətdə güllələnirdilər.
Almaniyada Hitler hakimiyyətə gəldikdən və Njde “Mənim sözüm ” məqaləsini yazdıqdan sonra erməni millətçilərinə qarşı repressiyalar başladı. 1932-ci ildən Daşnaksütyun partiyasının fəaliyyəti ciddi analiz edilir və Ermənistanın sosializmdən faşizmə keçid yolları öyrənilirdi. Daşnaklarla mübarizə 1935-ilədək Qafqazda aparılmadı. Yalnız Njde faşist ideologiyasını milli erməni ideologiyası kimi təqdim etdikdən bir müddət sonra repressiyalara start verildi. O.Kuznetsov ilk dəfə Njdenin adına 1935-ci ilin arxiv sənədlərində rast gəldiyini diqqətə çatdırdı: “O zaman onun adı indiki kimi yox, Njdey kimi yazılırdı. Bu adın bir neçə mənası var. Vətəni qazanmaq üçün tərk edən adam, avara, yüngül əxlaqlı qadın. Sonuncu ləqəbi təsdiq edən real faktlar da mövcuddur”.
Tədbirin sonunda rusiyalı politoloq bir daha auditoriyaya müraciət etdi:
– Beləliklə, Qaregin Njdenin 100 il əvvəlki siması ilə bugünkü təqdimatı arasında ciddi fərqin nədən ibarət olduğunu siz gördünüz.
Rusiyalı alim Ermənistanda Njdeyə heykəl qoyulmasını faşizmin çiçəklənməsi kimi qiymətləndirir və belə hesab edir ki, bu, Ermənistanın daxili işi deyildir. Onun fikrincə, bu məsələ hüquq müstəvisində araşdırılmalı, Njdeyə ucaldılan abidəyə beynəlxalq miqyasda siyasi qiymət verilməlidir.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”