15009910271989139079_1000x669

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 25-də, günün ikinci yarısında Qax rayonunun tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.

İlisu kəndində yerləşən və inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Sumuq qala” müdafiə qülləsi ilə tanışlıq yay məktəbi iştirakçılarının ürəyincə olub. Diqqətə çatdırılıb ki, Qax rayonu Azərbaycanın inkişaf etmiş turizm bölgələrindəndir. Rayon ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də “Sumuq qala”dır. Qalanın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. Sümük kimi möhkəm olduğu üçün müdafiə qülləsi “Sumuq qala” adlanır. Qala rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. “Sumuq qala” tarixi-memarlıq abidəsi dövlət tərəfindən qorunur.

Yay məktəbinin iştirakçıları qalanın sonuncu mərtəbəsinin pəncərələrindən qədim İlisu kəndinin təbiət gözəlliklərini seyr edib, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Qax şəhərindəki Cümə məscidi ziyarət olunub, şəhərin görməli yerlərinə gəzinti təşkil edilib.

Əsrarəngiz təbiəti olan Qax rayonunun tarixi məkanları ilə tanışlıq yay məktəbi iştirakçılarında zəngin təəssürat yaradıb.