“Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib

İyunun 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib
Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğunun çox vacib amil olduğunu vurğulayaraq, bu cür görüşlərin təşkilinin vacibliyindən söz açıb. O, məruzəsində Azərbaycanda birgəyaşayış modelinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrdən ətraflı danışıb.

Daha sonra Belçika Krallığında fəaliyyət göstərən Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin dekanı prof. Yohan Temmerman videokonfrans iştirakçılarını salamlayaraq, videokonfransın mövcud əlaqələrin genişləndirilməsində və qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətindən söz açıb.

Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin eksperti və məruzəçisi prof. L.J.Parlevliet dini təhsilin əhəmiyyəti üzrə məruzə ilə çıxış edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan tolerantlığının sosial-tarixi və teoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda aparılan multikulturalizm siyasətindən danışaraq, mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov məruzələrlə çıxış ediblər.

Konfransda, Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması, bəşəri dəyərlər sisteminin daha da zənginləşdirilməsinə töhfələr verəcək təcrübələrin sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edildi. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulandı, irqçilik, radikalizm, ksenofobiya, islamofobiya, diskriminasiya və dini dözümsüzlük əleyhinə, həmçinin mədəniyyətlərarası, dinlərarası dialoqun inkişaf etdirilməsinə dair müştərək seminar, dəyirmi masa və konfransların təşkili imkanları müzakirə olundu. Sözügedən məsələlərin araşdırılması məqsədilə hər iki təhsil müəssisəsinin müvafiq sahə üzrə alim və mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması prioritet məsələ kimi razılaşdırıldı.

 

Etiketlər