Azərbaycanda Zərdüştilik

     Bir sıra müasir alimlər Zərdüşt peyğəmbərin Cənubi Azərbaycanda dünyaya gəldiyini bildirirlər. Qədim mənbələrə istinad edən orta əsr müsəlman müəllifləri də bunu öz əsərlərində qeyd etmişlər. Məsələn, ibn Xordadbeh (820-912), əl-Bələzuri (806-892), İbn əl-Fəqih əl-Həmədani (IX əsr), əl-Məsudi (896-956), Yaqut əl-Həməvi kimi bir çox görkəmli müsəlman alimi Zərdüştün Cənubi Azərbaycanın Urmiya ərazisində doğulduğunu vurğulamışlar.
   Həmçinin tarixi reallıq ondan ibarətdir ki,Azərbaycan ərazisi zərdüştiliyin ilk yayıldığı yerlərdən biri olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki,Atropatenada Zərdüştilik hakim mövqeyə yüksəlmişdir. Həmçinin bu dövlətin paytaxtı Qazaka şəhərində zərdüştilərin üç ən müqəddəs ziyarətgahından biri – Adurquşnasp yerləşirdi.
   Tarixi mənbələr sübuta yetirir ki, Zərdüştilik təkcə Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycan ərazisində geniş yayılmışdı. Qafqaz Albaniyasında 313-cü ildə xristianlığı dövlət dini səviyyəsinə qaldıran Alban hökmdarı Urnayrın Zərdüştiliklə apardığı mübarizə ondan xəbər verir ki, erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisində Zərdüştün təliminə etiqad bəsləyənlərin sayı az deyildi. Zərdüştilik əleyhinə siyasət digər Alban hökmdarları tərəfindən davam etdirilsə də, Qafqaz Albaniyası ərazisində zərdüştilərin dini icmaları varlığını qoruya bilmişdir.
   VII əsrdə İslamın gəlişindən sonra Azərbaycanda xristianlıq kimi, zərdüştiliyin də nüfuzu get-gedə zəiflədi və Zərdüştün dini tədricən əhəmiyyətini itirərək aradan qalxdı. İslamın hakim mövqeyə yüksəldiyi dövrlərdə belə Şimali Azərbaycanda zərdüşti icmalar mövcud idi. Məsələn, ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri (850-934) “Məmləkətlərin yolları kitabı”nda yazmışdır ki, Bakı yaxınlığında zərdüştilərin yaşadığı kəndlər mövcuddur. Məşhur coğrafiyaçı və tarixçi Əbül-Fida İsmail Həməvi (1273-1331) Muğan vilayətində atəşpərəstlərin yaşadığı kəndlərdən bəhs edir.
   Qeyd edək ki, Abşeron yarımadasında təbii yanar qazların çıxdığı yerlər hər zaman zərdüştiləri cəlb etmişdir. Şimali Azərbaycanın bir sıra yerlərində olmuş alman səyyahı Engelbert Kempfer (1651-1716) bu haqda maraqlı məlumatlar verir. O, Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda Suraxanı kəndi yaxınlığında vaxtilə yeddi müqəddəs alovun yandığını qeyd etmişdir: “...qədim fars tayfası nəslindən olan iki gəlmə atəşpərəst hindlilər tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova baxaraq ona səcdə edirdilər... əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır”.

     Gördüyümüz kimi, alman səyyahı öz xatirələrində hələ XVII əsrdə Suraxanı ərazisində od məbədinin mövcud olduğunu bildirir. Əslində, onun tarixi daha qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrdən məlum olur ki, Suraxanıdakı od məbədindən hinduizm, siqhizm və Zərdüştilik dinlərinin mənsubları ortaq şəkildə istifadə edirdilər. O da məlumdur ki, XVII-XVIII əsrlərdə bu “Atəşgah”da (fars dilində “alov yeri” mənasına gəlir – Red.) gebrlər , XIX əsrin əvvəllərində isə parsilər ibadət etmişlər.
    Zaman keçdikcə Suraxanıdakı “Atəşgah” böyük bir dini kompleksə çevrildi. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Hazırda bu kompleks  
“Atəşgah məbədi” tarix-memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi ilə bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. Sərəncama əsasən, kompleks ətrafında açıq səma altında muzey yaradılmışdır. Eyni zamanda, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi”nə 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi “gücləndirilmiş mühafizə” statusu verilmiş və abidə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
    Beləliklə, göstərilən faktlar bir daha təsdiqləyir ki, Zərdüştilik Azərbaycanın tarixində özünəməxsus rol oynamışdır. Zərdüştilik dini Azərbaycanda tamamilə əhəmiyyətini itirib ortadan qalxsa da, xalqımızın mədəniyyəti və adət-ənənələrində öz varlığını qoruyur. Hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunan Novruz bayramı bunun bariz nümunəsidir. Novruz bayramı ərəfəsində tonqalların qalanması, şamların yandırılması, həmçinin ölkəmizin bir sıra bölgələrində ocağa su tökməyin günah sayılması və digər bu kimi adət-ənənələr göstərir ki, min illər keçməsinə baxmayaraq, zərdüştiliyin əlamətləri bu gün də xalqımızın həyat tərzində özünü büruzə verməkdədir

Etiketlər