indoneziya 1Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində dünyanın 13 aparıcı ali təhsil müəssisəsində sözügedən fənn keçilir.

İndoneziyanın Cokyakarta şəhərində də ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində  bu semestr “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Fənni tədris edən Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyevlə görüşüb fənnin tədrisinin yekun nəticələri, görülmüş işlər, Azərbaycan multikulturalizminin daha geniş miqyasda təbliği və təşviqi istiqamətində perspektivlər haqqında söhbətləşdik.

Söhbət zamanı H. Zərbəliyev universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi üçün əlverişli şərait yaradıldığını qeyd edib: “İndoneziyanın Cokyakarta şəhərindəki  Qacah Mada Universitetin “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bu il  fevralın əvvəlində başladı. Dərslərdə bakalavr pilləsi üzrə 25 tələbə iştirak edirdi. Proqram üzrə dərslərin mövzusu slaydlarla, interaktiv metodla şərh edilirdi. Tələbələr dərsə çox ciddi yanaşır və böyük maraq göstərirdilər, çünki bu fənni özləri seçmişdilər. Növbəti dərslərimizin biri  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyənləşdirdiyi kimi, Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuşdu. Bu, əvvəlcədən fakültənin rəhbərliyi ilə razılaşdırılmışdı. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verildi, videosüjetlər nümayiş etdirildi. Mənim dəvətimlə dərsdə İndoneziyada “Xocalıya ədalət” kampaniyasının fəal təbliğatçısı olan İmas Xoirun Nisa Fuciati Rahim də iştirak edirdi. O, tələbələrə Xocalı facəsinin dəhşətləri haqqında danışdı və “Xocalıya ədalət” kampaniyası çərçivəsinə son illər ərzində gördüyü işlər barədə məlumat verdi. Tələbələrun faciə ilə bağlı sualları cavablandırıldı. Sonra tələbələr  çıxış edərək məsələyə münasibətlərini və Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Dərsin sonunda onlara Xocalı soyqırımı ilə bağlı hazırladığımız materiallar, bukletlər paylandı.

Bəzən başqa qruplardan da gəlib könüllü şəkildə dərslərdə iştirak edənlər olurdu. Bəzən tələbələrlə könüllülərin birgə sayı 50-dən artıq olurdu. Mayın sonunda tələbələrin tədris müddətindəki fəaliyyəti qiymətləndirildi və onlara kursu bitirdiklərinə dair sertifikatlar təqdim olundu. Kursu bütün tələbələr müvəffəqiyyətlə başa çatdırdı”.

Fənnin tədrisindən əlavə, professor H. Zərbəliyev Cokyakarta şəhərindəki Ahmad Dahlan Universitetinin dəvətilə bu universitetin dil, mədəniyyət və kommunikasiya fakültəsinin tələbə və müəllimlərinə “Azərbaycanda dil və mədəniyyət və multikulturalizm siyasəti” mövzusunda mühazirə oxuyub.  Mühazirə ətrafında geniş müzakirə olub, tələbə və müəllimlərin daha çox Azərbaycanda dini vəziyyət, tolerantlığın mənbəyi və multikulturalizm siyasəti ilə bağlı sualları cavablandırılıb.

Professor bildirib ki, belə birdəfəlik mühazirələr silsilə şəklində bir neçə dəfə təşkil olunub: “Cokyakartadakı Ekspo Mərkəzində min nəfərdən artıq professor-müəllim heyəti, tələbə və valideynin iştirak etdiyi tədbirdə “Azərbaycan və İndoneziya sufi ədəbiyyatında tolerantlıq”, Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin magistrant və dissertantları üçün “Azərbaycan və İndoneziyada multukulturalizm: kontekst və çağırışlar” mövzusunda  məruzələrlə çıxış etdim. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb və  mühazirə ətrafında müzakirələr aparılıb”.

May ayında H. Zərbəliyev Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin sosiologiya fakültəsinin tələbələrinə də  “Azərbaycan  multukulturalizmi”  mövzusunda  mühazirə oxuyub. Mühazirədən sonra  tələbələrin multikulturalizmlə və ümumən Azərbaycanla bağlı suallarını cavablandırıb.

İndoneziyada fəaliyyət göstərdiyi müddət ərzində professor şəxsi təşəbbüsü ilə Cokyakarta şəhərindəki İnkluziv Multukultural Məktəbin rəhbərliyi ilə görüşüb. Məktəbin rəhbərliyinə Azərbaycan multikulturalizmi, dövlətimizin multikulturalizm siyasəti barədə ətraflı məlumat verib və sonra məktəbin fəaliyyəti ilə tanış olub. Rəhbərlik Azərbaycan məktəbləri ilə əlaqə yaratmağın faydalı olduğunu bildirib və gələcəkdə bu sahədə əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Professorun bildirdiyinə görə, Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış olan qarşı tərəf Cokyakarta şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialının açılmasına böyük maraq göstərir: “Bununla bağlı Cokyakarta Dövlət Universitetinin Mərkəzlə danışıqları artıq yekunlaşıb. Bu yaxınlarda adıçəkilən universitetin nəzdində BBMM-in İndoneziya filialı fəaliyyətət başlayacaq. Gələcəkdə isə mərkəzi qərargahı İndoneziya olmaqla regionun digər ölkələri- Avstraliya, Malayziya və Sinqapurda da  BBMM-in nümayəndəlikləri açılacağı gözlənilir. Bununla bağlı hazırda danışıqlar davam etdirilir”.