14356680255757848446_750x500Bavariyanın Auqsburq şəhəri meriyasının tarixi Rokoko zalında “Auqsburqda dini etiqad azadlığı və Azərbaycan multikulturalizmi” mövzusunda iki günlük kollokvium keçirilib.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) və Auqsburq Universiteti tərəfindən təşkil edilib.

Bu kollokvium Auqsburq universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi üzrə unikal layihədə bir növ ilk addım olub. Auqsburq Universiteti bu fənni öz akademik kurrikulumuna daxil etmiş sayca səkkizinci ali məktəb olacaq.

Azərbaycan Respublikasının dövlət müşaviri, akademik Kamal Abdulla Azərbaycanın multikulturalizm təcrübəsi haqqında məruzə ilə çıxış edib. Məruzəçi gənc, müstəqil lakin eyni zamanda qədim tarixə malik olan Azərbaycan dövlətinin bu sahədə qazandığı nailiyyətlər və dövlət başçısı, Prezident İlham Əliyevin bu məsələyə böyük diqqət yetirməsi barədə məlumat verərək qeyd edib ki, Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya və Belarus universitetlərində bu fənni tədris etməyə başlayıblar. Yeni semestrdən etibarən bu fənn Auqsburq universitetində və Avropanın bəzi başqa universitetlərində də tədris ediləcək.

Auqsburq Universitetinin professoru Klaus Volf bu mövzunun yeni və eyni zamanda təkçə region üçün deyil, Avropa İttifaqı üçün də aktual olduğunu vurğulayıb. Sonra Auqsburq Universitetinin rektoru, professor Sabina Dörinq-Mantoyfel çıxış edib. O, konfrans iştirakçılarını, xüsusən azərbaycanlı alimləri salamlayaraq iki universitet və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, universitetin təhsil proqramına daxil olan yeni fənn stereotiplərin hansı şəraitdə yaranmasını və Azərbaycanın təcrübəsi nəzərə alınmaqla çoxmillətli dövlətlər şəraitində həmin stereotipləri aradan qaldırmağın uğurlu yollarını anlamağa kömək edəcək.

Professor Klaus Volf qeyd edib ki, kollokviumun vəzifəsi Bakı Slavyan Universiteti ilə Auqsburq Universiteti, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlığın fəal mərhələsinə başlamaqdır. Professor deyib: “Bu kollokvium Auqsburqda dini dözümlülük və Azərbaycanda multikulturalizm məsələlərini müqayisəli şəkildə öyrənir. İlk dəfədir ki, bu cür maraqlı sosioloji paralel aparılır və təhlil edilir. Ona görə də kollokvium böyük maraq doğurur”.

Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ramin Mirzəyev, Auqsburq meriyasının mədəniyyət məsələləri üzrə dövlət naziri Tomas Vaytsel, Auqsburq Universitetinin professorları Alfred Vildfoyar, Henninq Rozenau, Günter Kronenbitter, Volfqanq Veber, Yorq Ernesti, Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun kafedra müdiri Sevinc Rzayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov və başqaları da məruzələrlə çıxış ediblər.

Kollokviumun ikinci günü Auqsburq Universitetinin binasında keçirilib. Tədbir iştirakçılarının çıxışları maraqlı diskussiyalara çevrilib. Bütövlükdə Almaniyanın bu şəhərinin akademik dairələri kollokviumu böyük maraqla qarşılayblar. Auqsburqda davam etdirilən layihənin də Avropanın digər yeddi universitetindəki kimi uğurlu olacağı gözlənilir.

Əlamətdar haldır ki, bu tədbir məhz Bavariyada – müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilir. Almaniyalı alimlər qeyd ediblər k, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir. Almaniyalı tərəfdaşlar etiraf ediblər ki, bu baxımdan Azərbaycanla əməkdaşlıq onlar üçün xüsusi əhəmiyyət kəsb edir.