Foto akademik R. Mehdiyevin məqaləsi

 

Noyabrın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)  Elmi-Metodik Şurasının nəzdində  fəaliyyətə başlayan Daimi Elmi Seminarın ilk toplantısı keçirilib.

BBMM-in müşaviri Aytən Qəhrəman qonaqları salamlayaraq Daimi Elmi Seminarın yaradılmasının əsas məqsədini açıqlayıb:  “ Seminarın əsas məqsədi müasir dövrdə Azərbaycanda olan multikultural mühitin davamlılığını təmin etmək, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı multikulturalizm və tolerantlıq dəyərlər sistemini bu gün yaşatmaqla bərabər, bu dəyərləri gələcək nəsillərə doğru bir şəkildə ötürməkdir”.

Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, BBMM-in Elmi-Metodik Şurasının və Daimi Elmi Seminarın  sədri Etibar Nəcəfov yeni müstəvidə yeni bir qurumun formalaşması ilə bağlı qarşıda duran vəzifələrdən söz açıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Elmi-Metodik Şurasının nəzdində  fəaliyyətə başlayan Daimi Elmi Seminarın yaradılması ideyası Dövlət müşaviri, akademik Kamal Abdullayevə məxsusdur. Akademikin  çıxışlarının birində vurğuladığı kimi, “bu seminar faktiki olaraq Azərbaycan multikulturalizminin “Multikulturalizm ili”ndə və ondan əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili, qiymətləndirilməsi və perspektivlərə uyğunlaşdırılması, əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq”. Daimi Elmi Seminarın tərkibində indiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərlə ardıcıl çıxış edən müəlliflər,  Azərbaycan multikulturalizmi fənnini ölkə universitetlərində tədris edən mütəxəssislər, Azərbaycan multikulturalizminin dostları təmsil olunacaq.

Sözügedən Seminarın qarşısında ölkədə və xaricdə maraq doğuran müəlliflərin multikulturalizm və tolerantlıqla bağlı elmi, publisistik və digər janrlarda nəşr olunmuş əsərlərinin müzakirəsini təşkil etmək və əldə olunan ideyaların ictimaiyyətə çatdırılması, bu istiqamətdə multikulturalizmlə əlaqəli tədqiqatları olan müəlliflərin, müəllimlərin, mərkəz nümayəndələrinin, eyni zamanda ölkədə və ya dünyada multikultural mühitin formalaşdırılmasında töhfələri olan din konfessiya və etnik qrup rəhbərlərinin və ya tanınmış nümayəndələrinin görüşlərinin təşkil olunması, elmi-metodiki seminarın tərkibində fəaliyyət göstərən komissiyalar tərəfindən multikulturalizm mövzusunda nəşr olunmuş əsərlərin müzakirəsinin təşkili, həmçinin elmi-metodiki seminarın tərkibində fəaliyyət göstərən komissiya tərəfindən multikulturalizm haqqında yazılmış elmi əsərin dəyərləndirilərək müəllifin təltif olunması kimi vəzifələr dayanır.

Etibar Nəcəfov bildirib ki, Azərbaycanda multikultural dəyərlərin təbliği və təşviqatına tövfə vermək və eyni zamanda elmi-metodiki seminarın həm də praktiki əhəmiyyətini artırmaq məqsədi ilə milli-etnik, dini baxımdan əhəmiyyət kəsb edən tarixi abidələrin yerləşdiyi yerlərdə elmi-metodiki və praktiki seminarların təşkili nəzərdə tutulur: “  Azərbaycan multikulturalizm modelinin təbliğ və təşviqatını gücləndirmək məqsədi ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən beynəlxalq elmi konfrans və seminarlarla əməkdaşlıq yaratmaq,  istiqamətdə elmi və praktiki mübadilələrin aparılması üçün lazımı şəraitin yaradılması, multikulturalizm və tolerantlıq mədəniyyəti sahəsində respublika və ya müxtəlif ölkələrdən dəvət olunmuş alim, din xadimi və etnik qrup nümayəndələrinin ildə bir dəfə olmaq üzrə yay məktəbini təşkil etmək də Daimi Elmi Seminarın vəzifələri sırasına aiddir”.

Etibar Nəcəfov seminarın ilk iclasının akademik Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsinin müzakirəsinə həsr olunduğunu bildirib.

Daimi Elmi Seminarın sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov məruzəsində akademik Ramiz Mehdiyevin sözügedən məqaləsində bir-biri ilə məntiqi bağ vasitəsilə əlaqələndirilən müxtəlif mövzuların dövrümüz üçün son dərəcə aktual olduğunu vurğulayıb.

Məruzədən sonra akademik Ramiz Mehdiyevin məqaləsi ətrafında geniş fikir mübadiləsi aparılıb. AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə,  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, professor, kulturoloq  Fuad Məmmədov,  professor Rəna Mirzəzadə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev,  professor Həbib Zərbəliyev, AMEA-nın Milli Tarix Muzeyinin əməkdaşı Əli Fərhadov çıxışlarında  məqalədə qeyd olunan müxtəlif istiqamətlər üzrə gələcək inkişaf yolunun, yeni hədəflərin müəyyənləşməsində böyük rol oynayacağına əminliklərini  qeyd ediblər.

Çıxış edənlər məqalədə əksini tapan müxtəlif mövzuların aktuallığını önə çəkərək akademikin yazıda multikulturalizmlə bağlı qeyd etdiyi – “Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub. Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir. Prezident İlham Əliyevin yürütdüyü multikulturalizm siyasəti nəticə etibarilə Azərbaycanın hüdudlarından kənarda getdikcə daha çox sayda tərəfdarlar qazanır” –kimi fikir və mülahizələrinin xüsusi sanbalı və mənəvi çəkisi haqqında öz düşüncələrini bölüşüblər.

Qeyd edək ki, Daimi Elmi Seminarın noyabrın sonlarında baş tutacaq növbəti iclası “Multikulturalizm” jurnalının müzakirəsinə həsr ediləcək.