“Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Bunu prezident İlham Əliyev çıxışlarının birində qeyd edib. Azərbaycan qədim dövrlərdən müxtəlif millətlərin, dinlərin birgə, mehriban şəraitdə yaşadığı dövlət olub. Bununla bağlı ölkəmizdə çox işlər görülüb. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi də bunun bariz nümunəsi idi. Azərbaycan multikulturalizminin dünyada tanı dılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də böyük rolu var.

Metbuat.az-ın budəfəki qonağı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovdur.

– Rəvan müəllim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə başçısının sərəncamı ilə yaradılıb. Bu Mərkəz hansı zərurətdən yaranıb və hazırda hansı işləri görülür?

– Bildiyiniz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə yaradıldı. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın multikulturalizm modelini xarici ölkələrdə təbliğ etmək, xarici ölkələrin birgə yaşayış modelini tətbiq etmək, müqayisə aparmaq və daha mükəmməl cəmiyyət forması ortaya qoymaqdan ibarət idi. Cənab prezident də dəfələrlə öz çıxışlarında deyir ki, “biz, hazırda multikulturalizmin alternativini görmürük”. Bu nəyə görə belədir? Azərbaycan coğrafi və tarixi baxımdan elə bir mövqedədir ki, hər zaman müxtəlif xalqların, müxtəlif dini inanclara sahib insanların yaşadığı bir yer olub və bu insanların birgə yaşamaqdan başqa bir alternativi yoxdur. Ümumiyyətlə, bu gün dünyada 2000-dən artıq xalq və 200-dən çox dövlət var. Bu o mənanı ifadə edir ki, bu xalqlar və mədəniyyətlər bir yerdə yaşamağa məcburdur. Multikulturalizm siyasətinin məqsədi isə müxtəlif mədəniyyətləri bir dam, bir pərdə altında birləşdirməkdən ibarətdir. Bu, çox humanist, insan hüquqlarını qoruyan, insan hüquqlarına hörmət bəxş edən bir siyasətdir. Bunun alternativi ona görə yoxdur ki, cənab prezidentin də vurğuladığı kimi, bunun alternativi islamafobiya, ksenefobiya, anti-semitizm, ayrı-seçkilik, diskriminasiyadır. Bunların isə dünyamızda nələrə səbəb olduğunu görürük. Bunlar xalqları bir-birinə qarşı qoyur, insanların bir-birini qətl etməyinə gətirib çıxarır. Əlbəttə, Azərbaycan bu mövqedə tolerant və örnək bir siyasət yeritməyi özünə rəhbər bilir. Cənab prezidentin siyasəti də bu gün dünyada örnək bir siyasət kimi təbliğ olunur. Baxın, BMT Baş katibinin sonuncu çıxışında Azərbaycanın üzərinə götürdüyü humanitar funksiyanı vurğulaması və Bakı prosesinin əhəmiyyətini qeyd etməsi artıq onu göstərir ki, biz, multikulturalizmin Azərbaycan modelini yalnız ölkə daxilində deyil, eləcə də beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təbliğ edə bilmişik. Düşünürük ki, həqiqətən də multikulturalizmin alternativi yoxdur deyəndə bu sadəcə bir ifadə deyil, həqiqətdir. Həqiqət isə daha çox dərk olunmağa başlayır.

– Bildiyimiz kimi, 2016-cı ili prezident İlham Əliyev “Multikulturalizm ili” elan etmişdi. Həmin il ərzində çox işlər görüldü. Bəs, Multikulturalizm Mərkəzi həmin il çərçivəsində hansı işləri həyata keçirdi?

– Doğrudur, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olundu. 2017-ci il isə bildiyiniz kimi, “İslam həmrəyliyi” ili oldu. Ümumiyyətlə bu, bir illə çərçivələnən fəaliyyət deyil. 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılanda insanlar bu ifadəni tələffüz belə edə bilmirdi. Doğrudur, cəmiyyətimiz daima rəngarəng mədəniyyətləri özündə birləşdirən cəmiyyət olub. Ancaq bu ifadə Azərbaycan cəmiyyəti üçün yeni idi. Baxın, 2018-ci ildə hər iki adamdan biri artıq multikulturalizmdən və onun çiçəklənməsindən danışır.2016-cı il multikulturalizm tədbirlərinin çox olduğu bir il idi. Cənab prezidentin sərəncamına uyğun olaraq tədbirlər planı hazırlandı və tədbirlər planının əsas əlaqələndirici mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi idi. Ölkəmizdə olan demək olar bütün qurumlar Azərbaycanın sahib olduğu bu dəyəri, multikulturalizm dəyərini həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif tədbirlər keçirməklə icra etdilər. 2016-cı il çox uğurla icra olundu və cənab prezident ilin sonunda bunu təqdir etdi. Biz həm ölkəmizdə keçirdiyimiz humanitar forumlarla, qlobal forumlarla, həm ölkə regionlarında keçirdiyimiz müxtəlif tədbirlərlə demək olar ki, sadə vətəndaşdan beynəlxalq təşkilatın rəhbərinə qədər Azərbaycan multikulturalizm siyasətinin mahiyyətini və önəmini çatdıra bildik. Əlbəttə, bunlar 2016-cı illə bitmədi, 2017-ci ildə, “İslam həmrəyliyi” ili çərçivəsində davam etdi və indi, 2018-ci ildə də davam edir. Nə qədər ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərəcək və nə qədər ki, cənab prezident bu siyasəti həyata keçirəcək, Amerika Birləmiş Ştatlarından İndoneziyaya qədər hər yerdə təbliğat işi davam edəcək.

– Multikulturalizm Mərkəzi ildə iki dəfə olmaqla “yay və qış məktəbləri” adlı layihə həyata keçirir. Bu layihənin məqsədi nədir və “Azərbaycan multikulturalizmi” fənni hansı xarici ölkələrdə tədris olunur?

– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizm modelini akademik dairələrdə də təbliğ edir. Bildiyiniz kimi, bizim multikultiralizm fənninin tədrisi layihəsi mövcuddur. Həm Azərbaycan universitetlərində, həm də xarici ölkələrdə. Bu günə qədər 19 xarici dövlətdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. 2015-ci ildə bu tədris layihəsini başlayanda bunun mahiyyətini xarici universitetlərə izah etməkdə çətinlik çəkirdik. Ancaq 2018-ci ildə 19 xarici universitetdə bu fənn tədris olunur və bu universitetlərin sayı durmadan artır. Bunlar Amerika, Avropa, Asiya universitetləridir. Eyni zamanda, 38 Azərbaycan universitetində də bu fənn tədris olunur. Bu, kifayət qədər geniş auditoriya tərəfindən qəbul olunur və gənclər maraq göstərirlər. Auditoriyada “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələr nəzəri biliklər əldə edirlər. Azərbaycanın həm etnik-mədəni coğrafiyası, həm tarixi, həm ədəbiyyatı, həm günlük yaşam tərzi haqqında informasiya əldə edirlər. Biz də belə qərara gəldik ki, artıq həmin tələbələrin nəzəri biliklərini praktiki olaraq möhkəmləndirə bilmək üçün ildə iki dəfə olmaqla “yay və qış məktəbi” layihəsini həyata keçirək. Bu layihənin artıq altısı həyata keçib. “Yay və qış məktəbi”ni ölkə başçısı da xüsusi təqdirlə qarşıladı. Müxtəlif ölkələrdən təxminən 30-40 gənc ildə iki dəfə Azərbaycana gəlir. Qeyd edim ki, bu layihə regionlarda həyata keçirilir və hər dəfə də başqa bir regionda. Region gənclərilə, ictimaiyyətilə həmin gənclərin görüşləri təşkil olunur. Azərbaycanda olan dini abidələrlə, xalqlarla onların görüşü keçirilir. Bununla da onların auditoriyada eşitdikləri praktiki olaraq möhkəmlənməyə başlayır. Beləliklə, faktiki olaraq Azərbaycanın xaricdə gənc multikulturalistləri formalaşmağa başlayır. 2015-ci ildə Yunanıstandan və Litvadan olan gənclərin birgə təşəbbüsü ilə “Azərbaycanın gənc dostları” klubu yaradıldı. Bundan sonra “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələr bu platformaya qoşulmağa başladı. Hazırda “Azərbaycanın gənc dostları” klubunun 300-dən çox üzvü var. Onlar Azərbaycan multikulturalizmini, ümumiyyətlə multikulturalizm siyasətini bizimlə birgə dünyada təbliğ etməklə məşğuldular. Bununla da zincir tamamlanır. Həmin fənni dinləyən tələbələr ölkəmizə gələrək Azərbaycanla bağlı praktiki bilgilər əldə edirlər. Bu fənni dinləyən tələbələr daha sonralar da Azərbaycanla olan bağlılığını bu və ya digər formada saxlayır. Baxsanız, bu gün həmin gənclər arasında Azərbaycan haqqında kifayət qədər yazılar yazan, Azərbaycanın təəssübünü çəkən, tədris, təhsili haqqında, iş mühiti, siyasəti haqqında geniş bilgiləri öz ölkəsində təbliğ edən, Azərbaycanın xaricdəki səfirliklərinə dəstək göstərən gənclər formalaşmağa başlayıb. Biz istəmədən də bu, faktiki olaraq diaspora fəaliyyətinə də çevrilməyə başladı. Düşünürəm ki, bu fəaliyyət gələcəkdə daha da artacaq və böyük bir dalğaya çevriləcək.

– Bir müddət əvvəl Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Amerika Birləşmiş Ştatlarında filialı açıldı. Bununla bağlı hansı işlər görülüb?

– 2014-cü ildə Multikulturalizm Mərkəzi yaradılanda sadəcə Bakıda fəaliyyət göstərirdi. Amma əlbəttə ki, adından da görürsüz ki, bu, Beynəlxalq Mərkəzdir. Beynəlxalq olmasının da mahiyyəti ondan ibarətdir ki, fəaliyyətinin çox hissəsini xarici ölkələrdə təşkil etməlidir. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dünyada 8 filialı mövcuddur. Fevral ayının 5-də Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Baş Konsulluqla birgə 8-ci filial açıldı. Yəqin ki, bu filialların davam olacaq. ABŞ-dakı həmin filiala xanım Canna Skot rəhbərlik edir. Canna Skot Bakıda qlobal forumlarda iştirak etmiş, vaxtilə Barak Obama Administrasiyası dövründə Ağ Evdə təmsil olunmuş, bu sahədə xüsusi bilikləri olan peşəkar xanımdır. Həmin xanımın Azərbaycan multikulturalizmini sevməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin böyük rolu olub. Hazırda Canna Skotun rəhbərliyi ilə 8-ci filialımız Amerikada Azərbaycan multikultiralizm modelini təbliğ etməklə məşğuldur. Bu, istər xarici mətbuatda məqalələrlə, istər konfranslarla, istər tədbirlərlə və s. olur. 8 filial arasında koordinasiyanın təşkil olunması və onların birgə olaraq silsilə şəklində Azərbaycanda baş verən hadisələrə reaksiya göstərməsi, Azərbaycan multikulturalizmini öz dairələrində təbliğ etmələri işində də Bakıdakı Mərkəz böyük fəaliyyət göstərir. Bilirsiz, biri var ki, Birləşmiş Ştatlarda gedib biz nəsə edək, bu, bir qədər çətinlik deməkdir. Çünki oradakı ictimaiyyət xarici ölkə vətəndaşının dediyi sözü öz vətəndaşının sözü kimi qəbul etmir. Bir də var ki, həmin ictimaiyyətdə artıq tanınan, nüfuzlu bir şəxsin multikulturalizm və məhz Azərbaycan multikulturalizmi haqqında dedikləri daha tez qəbul olunur. Burada söhbət təkcə Azərbaycanın təbliğatından getmir. Burada söhbət Azərbaycanın tərəfdar çıxdığı siyasətdən gedir ki, bizim Mərkəzin fəaliyyəti də məhz bu siyasəti təbliğ etməkdən ibarətdir. Çünki bildiyiniz kimi, Azərbaycan dünyada son zamanlar daha qabarıq görünür, humanitar funksiyanı üzərinə götürüb və bu humanitar funksiyanın ağırlığını bütün dünyada hiss elətdirməyə çalışır. Məhz Mərkəzimiz də, filiallar da bu funksiyanı yerinə yetirir.

– “Multikulturalizm ili”ndə görüləcək işlərlə bağlı tədbirlər planında “Multikulturalizm” jurnalının çapı da nəzərdə tutulmuşdu. Bilirik ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görür. Ümumiyyətlə, bu jurnal qarşıya qoyulan hədəflərə çata bildimi?

– Bəli, “Multikulturalizm” jurnalı uzun müddətdir fəaliyyət göstərir. Bu jurnal ildə 4 dəfə rüblük olaraq çapdan çıxır. Bu jurnalda həm ədəbi, bədii, həm də elmi məqalələr dərc olunur. “Multikulturalizm” jurnalında təkcə Azərbaycan dilində deyil, məqalələri təqdim edən ölkələrin alimlərinin və yaxud digər şəxslərin, ədəbiyyatçıların öz dillərində də məqalələr dərc olunur. Hətta milli azlıqların dillərində də məqalələri görmək mümkündür. Azərbaycan Respublikası prezidentinin, hökumətin multikulturalizmlə bağlı həyata keçirdiyi mühüm siyasi fəaliyyətin və siyasi sənədlərin də həmin jurnallarda çapı mütəmadi olaraq təşkil olunur. Bu jurnal artıq ölkə ictimaiyyətində geniş maraq doğurub. Jurnal nəinki paytaxtımızda, eləcə də regionlarımızda böyük alıcı və oxucu kütləsinə malikdir. Əlbətti ki, zaman keçdikcə həm fəaliyyətimiz, həm də çap məhsullarımızın sayı artacaq və keyfiyyəti daha da yüksələcək. Bu sahəyə maraq daynmadan artır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ətrafında böyük ictimai komanda formalaşıb, artıq minlərlə üzvü var. Bu isə təbii ki, təkcə bizim fəaliyyətimizlə olmur, bu onu göstərir ki, ölkə başçısının həyata keçirdiyi bu siyasətə nə qədər böyük dəstək var. Biz əslində hara gediriksə, orada münbit mühitlə qarşılaşırıq. Çünki ölkə başçısının həyata keçirdiyi siyasət bizə o münbit mühitə düşməkdə rahatlıq yaradır. Biz artıq çətinlik çəkmədən nə istədiyimizi izah edə bilirik. Nəşrlərimizin də, istər “Multikulturalizm” jurnalı olsun , istər digər nəşrlərimiz, niyyətimizi biz olmadan dostlarımıza çatdırmaqda xüsusi köməyi olur.

– Azərbaycanda qədim dövrlərdən tolerant mühit, multikultural ənənələr davam edir. Ancaq çox təəssüf ki, işğal altında olan torpaqlarımızda mədəni abidələrimiz, məscidlərimiz dağıdılır. Hətta prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bunu qeyd edib. Multikulturalizm Mərkəzi bununla bağlı hansı işləri görür?

– Ümumiyyətlə, Dağlıq Qarabağda itirdiyimiz, şəhid verdiyimiz insanlar, dağıdılan mədəni abidələrimiz və bunlarla bağlı görülən işlər bir növ konseptual olmalıdır. Bu, bir qurumun görəcəyi iş deyil. Azərbaycanda olan bütün qurumlar bununla bağlı öz töhfəsini verirlər. Koordinasiyanın olması çox vacibdir. Biz də sözsüz ki, həyata keçirdiyimiz beynəlxalq tədbirlərdə və forumlarda mövzularımızla mütəmadi olaraq bunu vurğulamağa çalışırıq. Çünki bilirsiz ki, Dağlıq Qarabağda şəhid olanlar, erməni terroruna məruz qalanlar yalnız azərbaycanlılar deyil. Müxtəlif xalqların nümayəndələri də bu terrora məruz qalıblar. Biz də bunu qabarıq şəkildə ifadə etməyə çalışırıq. Digər tərəfdən, Dağlıq Qarabağda təkcə məscidlər deyil, müxtəlif xalqlara məxsus olan mədəni, dini abidələr də dağıdılıb. Biz, beynəlxalq təşkilatlarda, parlamentlərdə, siyasi dairələrdə keçirdiyimiz tədbirlərdə mütəmadi olaraq şəkillər və videolarla bu abidələri, dağıntıları diqqətə çatdırmağa çalışırıq. Düşünürəm ki, yaxın gələcəkdə dünya ictimaiyyətinin bununla bağlı vahid ictimai rəyi formalaşacaq və Azərbaycanın haqq səsinə öz səsləri ilə münasibət bildirəcəklər. Çünki çox təəssüf ki, əslində Azərbaycanın məruz qaldığı ikili standartlar, ədalətsiz mövqe bu məsələlərin uzanmasına gətirib çıxarır. Amma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi əlindən gələn qədərilə Azərbaycanın haqq səsini hər yerə çatdırmağı qarşısına məqsəd qoyub, düşünürəm ki, çatdıracaq da. Çünki bu mədəniyyət birgə mədəniyyətdir, torpaqlara məxsus olan mədəniyyətdir. Bu gün Bakının mərkəzində erməni kilsəsi qorunursa, bu, Azərbaycanın humanist siyasətinin göstəricisidir. Ümumiyyətlə, bir mədəniyyəti məhv etmək vandalizmdir. Bu, bir insanı öldürmək deməkdir və ümumilikdə insanlara qarşı cinayətdir. Bu cinayətə isə heç bir xalq, heç bir hakimiyyət yol verməməlidir. Məhz bizim ifadə etmək istədiyimiz fikir, şüar bundan ibarətdir ki, bunu da bildirməyə davam edəcəyik. Ümid edirəm ki, bunun geri dönüşü də yaxın zamanlarda olacaq.

– Son olaraq, bildiyimiz kimi, prezident İlham Əliyevin qərarı ilə 2018-ci il “Cümhuriyyət ili” elan edilib. Bu illə bağlı Multikulturalizm Mərkəzi hansı işləri görəcək?

– 2018-ci il Azərbaycan xalqı üçün məna yüklü bir ildir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımın 100 illiyidir. Bundan əlavə, həm də Bakı prosesinin 10 illiyidir. Hər üç hadisə ilə bağlı cənab prezidentin sərəncamları mövcuddur. Bu sərəncamların da aktiv iştirakçılarından biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. “Cümhuriyyət ili”lə bağlı onu demək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti müasir, demokratik, dünyəvi, hüquqi Azərbaycanın varisi olub. Bu ilin müxtəlif səhifələri Azərbaycanda olan müxtəlif qurumlar tərəfindən təbliğ olunur. Çünki Azərbaycan Xalq Cümhuriyyəti hələ də öyrənilir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da yenilikləri regionumuza gətirib, ilk demokratik parlamenti yaradıb. İlin əvvəlində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı işıq üzü görüb. Həmin kitabın Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində də elmi müzakirəsi təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bizim digər nəşrlərimiz, konfranslarımız da həyata keçiriləcək. May ayında xüsusilə böyük bir konfransın keçiriləcəyi gözlənilir. Bildiyiniz kimi, sentyabrın 15-i Bakının ermənilər və bolşeviklərdən azad olunduğu dövrün ildönümüdür. Həmin dövrdə də mütəmadi olaraq tədbirlərin keçirilməsi gözlənilir. Azərbaycanlılara qarşı törədilmiş mart soyqırımı ilə bağlı onu demək istəyirəm ki, bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində beynəlxalq elmi konfrans keçirildi. İrandan, Fransadan, Türkiyədən, Rusiyadan olan alimlərin azərbaycanlı alimlərlə birgə elmi müzakirəsi, konfransı baş tutdu. Bu konfransın adı “Terror multikulturalizmə qarşı” idi. Xüsusilə erməni terroru Azərbaycan multikulturalizminə qarşı tədbiri 1918-ci ilin mart hadisələrinə həsr olunmuşdu. İndi bu konfransın materiallarının dərc olunması ilə bağlı işlər gedir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xaricdəki filialları silsilə olaraq həmin sərəncamlardan irəli gələn tədbirlər planını icra edirlər. Eləcə də Bakı prosesinin 10 illiyilə bağlı cənab prezidentin imzaladığı sərəncamda bildiyiniz kimi, bu il Humanitar Forum keçiriləcək. Azərbaycanda həmin Forumun bir seksiyası da bizim Mərkəz tərəfindən təşkil olunacaq. 2019-cu ildə Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsində Multikulturalizm Mərkəzi də iştirak edəcək. Bir sözlə, bu sərəncamların hər birinin aktiv iştirakçısı olaraq biz də üzərimizə düşən öhdəlikləri layiqincə icra etməyə çalışacağıq.