IMG_0568Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Şəki şəhəri İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-dən 5-dək VI-cı Şəki “İpək yolu” beynəlxalq musiqi festivalı keçirilib.

Festivalın 3-cü və 4–cü günləri Multikulturalizm Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycanda yaşayan etnik qrupların-ləzgilərin, tatarların, tatların, ahısqa türklərinin, kürdlərin, ingiloyların, talışların, rus mədəniyyət mərkəzinin, avarların, udinlərin, saxurların numayəndələrinin iştirakı ilə “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara xor, mahnı və rəqs kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

 

Konsert proqramı çərçivəsində etnik qrupların nümayəndələri millətimizin dünyaca məşhur olan əfsanəvi bəstəkar-müğənniləri Rəşid Behbudovun və Müslüm Maqomayevin “Azərbaycan” mahnısını birlikdə ifa ediblər.

Ölkəmizdə yaşayan etnik qrupların kollektivlərinin çıxışları Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının repertuarına ilk dəfə olaraq bu il daxil edilib.

“İpək yolu” festivalı çərçivəsində iyulun 3 və 4-də keçirilən konsert proqramları Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati və maliyyə dəstəyi ilə reallaşıb.

Tədbirdə Şəki şəhəri İcra Hakimiyyəti başçısı Elxan Usubov və Bəstəkarlar İttifaqının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə çıxış edərək göstərdikləri dəstəyə görə Dövlət müşaviri, akademik Kamal Abdullaya və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, müxtəlif etnik qrupların əsrlər boyu mədəni irslərinin qorunub saxlanması Azərbaycanda tolerantlığın və multikultiralizmin hər zaman olduğu kimi bu gün də Azərbaycan dövləti tərəfindən inkişaf etdirilməsinin bariz ğöstəricisidir.

Konsertin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “İpək yolu” festivalının simvolu təqdim olunub.